Вы просматриваете: Главная > Şeirlər > DİNMƏ, DANIŞMA, BALA…

DİNMƏ, DANIŞMA, BALA…

12767586_1701402433434676_1808809293_n

Qoy edək kef-damağı,
Sürək firavan çağı,
Görməyirik sol-sağı,
Dözmüsən döz, hər hala.
Dinmə, danışma, bala.

İşıq-qaz bahalaşıb,
Hər şey həddini aşıb,
Deyəsən səbrin daşıb,
Gətirərik biz yola,
Dinmə, danışma, bala.

Varımız-sərvətimiz,
Hər cürə hörmətimiz,
Sizdən əziz itimiz,
Yol vermə qeylü-qala,
Dinmə, danışma, bala.

Keçərlidi sözümüz,
Heç nə görmür gözümüz,
Haram yolda özümüz,
Talarıq bala-bala,
Dinmə, danışma, bala.

Qurub yurdun vayını,
Batırmışıq hayını,
Artırıb var sayını,
Daha çıxdıq ağ yola,
Dinmə, danışma, bala.

Sərvətdən havalandıq,
Milləti dəxi dandıq,
Keflə yatıb oyandıq,
Tikdik min yerdə qala,
Dinmə, danışma, bala.

Suyumuz, havamız bol,
Bahalı yuvamız bol,
Millət top, vuruq qol,
Fırladırıq sağ-sola,
Dinmə, danışma, bala.

Şadiman, tut dilini,
Misradan çək əlini,
Qırma ürək telini,
Sözünü döndər bala,
Dinmə, danışma, bala.
Dinmə, danışma, bala.
08.01.2017
Şirin xanım Kərimbəyli Şadiman

Şərh üçün bağlıdır.