GÖZLƏRİN NƏMLİSƏ, ÜRƏYİN DƏRDLİ
Gözlərin nəmlisə, ürəyin dərdli,
Sinəndə ələmi bitirənə nə?
Taleyin yolları sərhədli, sədli,
Könlünə dərdi-sər gətirənə nə?
Sən çox da alışıb yanma ürəkdən,
Ah-aman diləmə ünsüz fələkdən,
Başın açılmırsa min bir kələkdən,
Haqqı, ədaləti itirənə nə?
Göz yaşın sel olub səni aparsa,
Bir nadan içində tufan qoparsa,
Arını itirən səni taparsa,
Qeyrətsiz adını götürənə nə?
Bir yurdun ocağçı söndürülbsə,
Başına min yumruq endirilibsə,
Düzlük şər əlində dindirilibsə,
Onu şər evinə yetirənə nə?
Əgər gətirmirsə ömrün illəri,
Bir fəqana bəndsə ömrün telləri,
Kor edib qəlbini tale milləri,
Ömrün kitabını bitirənə nə?
Zaman daraldıqca, ömür incələr,
Niskillərdə keçən həsrət–gecələr…
Sinəmdə dünyanın dərdi gecələr –
Bu dərdi dillərə ötürənə nə?
06.09.1989
Şirin Xanım Kərimbəyli Şadiman