Вы просматриваете: Главная > Şeirlər > ŞAİRLƏR DÜNYANIN QƏM DAŞLARIDIR…

ŞAİRLƏR DÜNYANIN QƏM DAŞLARIDIR…

ŞAİRLƏR DÜNYANIN
QƏM DAŞLARIDIR

Şairlər dünyanın qəm daşlarıdır,
Fələyin ağlayan göz yaşlarıdır…

Ruhları ovunmaz dünya üzündə,
Bişər ağrıları hicran közündə,
Bağrı parçalanar ahdan sözün də,
Sanki Yaradanın sirdaşlarıdır,
Şairlər dünyanın qəm daşlarıdır.

Aləmə görk olar sağlıqları da,
Həyata, cahana bağlıqları da,
Düyaya üsyançı yarlıqları da,
Ağlayan sızlayan öz başlarıdır,
Şairlər dünyanın qəm daşlarıdır.

Yanar ürəkləri, yanar dilləri,
Ahları ovuda bilməz illəri,
Əsər bəxtlərində hicran yelləri,
Köhnə təbləri yox, üst-başlarıdır,
Şairlər dünyanın qəm daşlarıdır.

Oturar dərd yükü çiyinlərində,
Çalxanar xeyir-şər beyinlərində,
Sözün min bir donu əyinlərində,
Misralar Tanrının təlaşlarıdır,
Şairlər dünyanın qəm daşlarıdır.

Onlar Nəsimitək soyulacaq da,
Vaxtsız məzarlara qoyulacaq da,
Hələ çox qəlbləri oyulacaq da,
Ahları sözlərin başdaşlarıdır,
Şairlər dünyanın qəm daşlarıdır.

Onlar İlahinin söz ehtiyatı,
Onlardan başlayır sözün həyatı,
Onlar layla, qoşma, qəzəl, bayatı,
Fələyin ağlayan göz yaşlarıdır,
Şairlər dünyanın qəm daşlarıdır.

16.09.2010
Şirin xanım Kərimbəyli Şadiman

Şərh üçün bağlıdır.