Вы просматриваете: Главная > Şeirlər > RÜŞVƏTƏ PƏRƏSTİŞ

RÜŞVƏTƏ PƏRƏSTİŞ

Hər xalq bu dünyada adın daşıyır,
Öz keyfiyyətinin dadın yaşayır.
Bizim xalqın da öz cəhətləri var,
Ağlında min cürə qəhətləri var.
Azalıb mənəvi dünyaya eşqi,
Kasıblardan qopan min vaya eşqi.
İndi bu millətin bədəndə canı,
Oxşayır rüşvətlə kürsü tutanı.
Onun arvadına pərəstiş edir,
Vəzifə adına pərəstiş edir.
Altında maşina pərəstiş edir,
Mənasız yaşına pərəstiş edir.
Toyda, yasda, toyda öyülür adı,
Fəxirlə anılır özü, övladı.
Bütün məclislərdə çəkilir başa,
Gəlir ağızlarda, dillərdə cuşa.
Elə ki, yıxıldı kürsüdən yerə,
Zirvəni qurd təki ovladı dərə,
Baxışlar dikilir təzə məmura,
Əllər çəpik çalır, ağızlar ura!
Təzə rüşvətxorun atı işləyir,
Haram tikələri elə dişləyir.
Az zaman içində ev, maşın alır,
Millətin qəlbinə təzə iz salır.
Yenidən təriflər köklənir, qalxır,
Gözlər gəlişinə həsədlə baxır…
Öyülür maşını, evi bağçası,
Dolur rüşvət ilə dolur boğçası.
Rüşvətə pərəstiş bu xalqın canı,
Aləmə tanıdır Azərbaycanı.
Hər xalq bu dünyada adın daşıyır,
Öz keyfiyyətinin dadın yaşıyır…
16. 11. 2004
Şirinxanım Kərimbəyli Şadiman