Вы просматриваете: Главная > Şeirlər > İKİMİZ DƏ YANIRDIQ NƏ VAXTDAN BU ATƏŞƏ

İKİMİZ DƏ YANIRDIQ NƏ VAXTDAN BU ATƏŞƏ

İKİMİZ DƏ YANIRDIQ
NƏ VAXTDAN BU ATƏŞƏ

İkimiz də yanırdıq nə vaxtdan bu atəşə,
Biz ki, od-alov verdik bu sevgiylə günəşə,
Harda qaldı o istək, o od, o yanğı, nəşə?
İtirdik bu sevgini o boranda, o qarda,
İndi sən harda qaldın, mən isə söylə harda?

Qınadı tanıyanlar, tanımayanlar bizi,
Unutduq sevgimizə şahid gecə-gündüzü,
Məhəbbətin nə qədər dönük olurmuş üzü?
Soldu istəyimiz də, məramımız da darda,
İndi sən harda qaldın, mən isə söylə harda?

Çilədi sevgimizin üstünə həsrət zəhər,
O dəli duyğulardan ürək görmədi bəhər,
Qınadı bizi axşam, qınadı bizi səhər,
Aradakı hicrana dodaq büzdü sabah da,
İndi sən harda qaldın, mən isə söylə harda?

Gəl birləşsin ayrılan əllərimiz yenə də,
Gör nə qədər arzu-kam, baş qaldırıb sinədə?
Sitəm edir bu illər həsrət, hicran mənə də,
İncidərmi bu qədər yarını sevən yar da?
İndi sən harda qaldın, mən isə söylə harda?

Şirinxanım Kərimbəyli Şadiman