Вы просматриваете: Главная > Şeirlər >

_AZpressAZ__sirin_xanim_kerimbeyli

QUSAR NƏĞMƏLƏRİ
(Yeni şeirlər silsiləsindən)

RUHUMA MƏLHƏMDİR

Bu necə sehirdir, necə tamaşa?
Qəlbimə məlhəmdir özü Qusarın.
Verib çinarları dosttək baş-başa,
Günəşdir manqalda közü Qusarın.

Söyüdlər göstərir göylərə boyun,
Buludlar səmada qurur min oyun,
Dağlar göy atlasdan geyinib donun,
Çiçəyə bürünüb düzü Qusarın.

Yaşıl yamacları ürəyi açır,
Şəlalə zirvədən dərəyə uçur,
Quşlar cəh-cəh vurur, buludlar qaçır,
Nağıldır, dastandır sözü Qusarın.

Palıdlar adama boylanıb baxır,
Meşələrin mehi ürəyə axır,
Ruhum dilə gəlib yandırıb yaxır,
Batıb ot-əncərə dizi Qusarın.

Çayın şırıltısı qulağı alar,
Gecə pıçıltısı cana od salar,
Gedərəm, gözlərim arxada qalar,
Ruhumda yurd salar izi Qusarın.
19.08.2016

HƏSƏNQALADI

Hara gəldiyimi sorsanız əgər,
Allahın cənnəti Həsənqaladı.
Burdakı bir günüm bir ömrə dəyər,
Dünyanın zinəti Həsənqaladı.

Yurdumun nə gözəl guşəsi varmış,
Burada yayda da gözəl baharmış,
Şahdağının başı ağappaq qarmış,
Tanrının sənəti, Həsənqaladı.

Çəpərlər boyunca böyürtikanı,
Qız-gəlin həyalı – ədəb-ərkanı,
Ömür vəfa qılsa, etsə imkanı…
Yox edən möhnəti Həsənqaladı.

Yamyaşıl bağları ormana bənzər,
Allah gözəlliyi kəsməsin nəzər,
Küləklər ağaclar üstündə süzər,
Yayın naz-neməti Həsənqaladı.

Bu oba üstündə dağlar öcəşir,
Buludlar göz edir, mehlə dilləşir,
Dumanın çətiri meşəyə düşür,
Fəsillər şöhrəti Həsənqaladı.

Axar kənd içində saf Qusarçayı,
Dolanar üstündə bulud alayı,
Armudu, alması, samovar çayı,
Boğan can illəti Həsənqaladı.

Şadiman gözəllik önündə çaşqın,
Düzdü misralara bu yerin eşqin,
Durdura bilməyir ruhunun məşqin,
Təbinin niyyəti Həsənqaladı.
19.08.2016

BU GƏLİN
Vəsilə Ağabəyova

Ram elədi könlü, ruhu əlinə,
İlhamımı oda saldı bu gəlin.
İlahidən qara çəkib telinə,
Yaddaşımda Aytək qaldı bu gəlin.

Duyğuları ürəyinə yaraşıq,
Gözlərindən cana düşür gur işıq,
Ruhum coşur, könlüm yanan bir aşıq,
Qəlb telini yaman çaldı bu gəlin.

Dildən sözü şəkər təki süzülər,
Candan qopub dodağına düzülər,
Sevinc gülər, qəmin beli üzülər,
Doğulandan özü baldı bu gəlin.

Qazanıbdı ata-ana rəhməti,
Ev-eşikdən boy göstərir zəhməti,
Üz-gözündən şəfəq saçır isməti,
Sevgisiylə pak ucaldı bu gəlin.

Gülüşləri dodağından boylanır,
Qəm diz çökür qarşısında oylanır,
Duyğuları qəlb başına haylanır,
Kədərimə zəfər çaldı bu gəlin.

Bu Şadiman qonaq düşdü evinə,
Könül gülə, bəhtim bir az sevinə,
Et haqqını halal dedim gəlinə,
Dedi sənə can halaldı, bu gəlin!
19.08.2016

ARMUD AĞACI

Gövdəsində yatıb əsrlər sirri,
Sığınıb Tanrıya armud ağacı.
Hələ də göylərə göz dikib diri,
Başına bəzəkdir yamyaşıl tacı.

Gövdəsi min yerdən oyuq-oyuqdu,
Ötən zamanların izin daşıyır.
Sanki yay ayında ona soyuqdu,
Dözür qocalığa, hələ yaşayır.

Meyvəsi budaqda gözətçi təki,
Yarpaqlar içindən gizlicə baxır.
Onun sızıltısın dinləyir səki,
Qəmi bağ-bağçanı yandırıb yaxır.

Rişəsi torpaqda neçə il durar?
Fikir içindədir, armud ağacı.
Qorxur ki, kəlləsin torpağa vurar,
Amma fəsillərə verməyir bacı.
22.08.2016

QUSARÇAYI

Sakit yatağında məsum baxırsan,
Söhbətin zümzümə, ay Qusarçayı.
Bağlardan ötürsən, düzdən axırsan,
Şırıltın xoş kəlmə, ay Qusarçayı.

Bağrın paralanıb neçə qollara,
Düşürsən yay fəsli min bir hallara,
İlantək qıvrılıb çıxsan yollara,
İstiyə can demə, ay Qusarçayı.

Gül-çiçək üzündə sərin şehin var,
Nemətə qapısan, əcəb mehrin var,
Su adlı Tanrıdan gələn sehrin var,
Yer döşündən əmə, ay Qusarçayı.

Dolanıb arxlara cığır açırsan,
Uşaqtək torpağın üstə qaçırsan,
Suyun azalanda çaşqın, naçarsan,
Hər cığıra ilmə, ay Qusarçayı.

Palıdlar gözünü dikib göylərə,
Atlasa bürünüb hər düz, hər dərə,
Ruhum pişvazında ola min kərə,
Gəlmişəm xoş dəmə, ay Qusarçayı.

Yarğanlar içindən adlayıb keçdin,
Şahdağ qürürünü özünə seçdin,
İstinin nəfəsin suyunla kəsdin,
Bəzəksən ölkəmə, ay Qusarçayı.
22.08.2016

VÜQARLI PALID

Başı göylərə dikələn,
Xoş gördük vüqarlı palıd.
Gün kölgəsinə bükülən,
Qaməti baharlı palıd.

Bağ içində boylanırsan,
Bulud eşqini anırsan,
Özünü göydə sanırsan,
Qüdrətin çox varlı palıd.

Ağaclar cüssənə baxar,
Özünü yandırıb yaxar,
Asimanda şimşək çaxar,
Olarsan qubarlı, palıd.

Çinar xanlığın itirər,
Sənə nəzərin yetirər,
Buludlar şimşək ötürər,
Qalarsan ah-zarlı palıd.

Məftun etdin sən Şirini,
Çətrin kölgənin sərini,
Kökün lap seçir dərini,
Dörd yanı hasarlı palıd.
22.08.2016

ŞAHDAĞIN

Tərifi ağızda, dildə dolaşır,
Ellərə dastandır özü Şahdağın.
Zirvəsi dumana, sisə bulaşır,
Ocaqdan getməyir közü Şahdağın.

Başına ağ qardan ləçək bağlayıb,
Qırçın ətəkləri çiçək bağlayıb,
Lalələr gözəltək birçək bağlayıb,
Gah günəş, gah ayaz üzü Şahdağın.

Nanəli, yarpızlı yamacları bol,
Asıb yaxasından neçə cığır, yol,
Boylanır dərədən necə fağır yol,
Bənəövşə ətirli düzü Şahdağın.

Müdrik qocalara bənzəri vardır,
Əksində İlahi nəzəri vardır,
Zirvədə günəşin şıq zəri vardır,
Şəfəqə bəzənib izi Şahdağın.

Rəssamlar aşiqdir onun hüsnünə,
Şairlər söz edib çəkər köksünə,
Fırlanım başına, dönüm əksinə,
Düşsün qollarıma dizi, Şahdağın.

Dumanlar dəryada üzən yelkəni,
Dərəsi titrədər qorxub-hürkəni,
Hələ də heyrətdə qoyubdu məni
Şaqraq şələləsi düzü Şahdağın.

Qərib yolçuları yoxuşa qalxar,
Yeddi don geyinən günəşi çıxar,
Ürəyə sevdalı duyğu buraxar,
Sevgisi çağırar bizi Şahdağın.

Şadiman, ruhunu aldı əlinə,
Dönəsən dağların sərin yelinə,
Düzəsən çiçəyi, gülü telinə,
Misraya bəzəkdir sözü Şahdağın.
23.08.2016

DAĞ EVİN NAĞILI
Nəzm-hekayə

Səhər durub yığışıb bir məkana yol aldıq,
Həsənqala yurduna qəfil güzarı saldıq.
Ruhumuza köçürtdük şimala gedən yolu,
Yollar istidən qaçan maşınlarla lap dolu.
Heyran olduq bu yurdun torpağına, daşına,
Az gedib düz dolaşdıq, yetdik mənzil başına.
***
Biz günorta yetişdik getdiyimiz diyara,
Bakının istisindən düşmüşdük xoş bahara.
Ev yiyəsi, qız-gəlin, ata-ana yığışdı,
Gözlərində bir dünya sevinc qaynayıb daşdı.
Gəlib qapı ağzına qarşıladılar bizi,
Sevinclə aşıb-daşdı evdəkilərin üzü.
Allahın sevdiyi yurd, cənnət məkandı bura,
Yaşıllıq içindədir, yer-göy seyrinə dura.
Başı göyləri dələn ağaclar bar içində,
Əkilmiş tərəvəzlər dadlı nübar içində.
Yerin köksündən baxan gül-çiçək şehə batıb,
Budaqlar xışıldayır, yarpaqlar mehi tutub.
Təzə tikilmiş evdə memarın əli gəzib,
Zəhmətə köklənənin çəkici, beli gəzib.
Evin dörd bir tərəfi yaşıl ota bükülüb,
Elə bil göy üzündən bura nemət tökülüb.
Oxur cırcıramalar bağça içrə ahəstə,
Səslərinə səs verir toyuq-cücə də pəstə.
İlahi bir məkanın cənnətinə gəlmişik,
Dünyanın gözəlliyin biz burada görmüşük.
Uzaqdan Şahdağının ətəkləri görünür,
Qara bulud topası zirvələrdə sürünür.
***
Evin lap yaxınından çayın səsi gəlirdi,
Suların zümzüməsi qulaqları dəlirdi.
Xəfif sərin küləklər ağacları oynadır.
Havanın sərinliyi günəş istisin udur.
Evin təmizliyinə, xoş mehrinə düşmüşdük,
Biz cənnətin özüylə burada görüşmüşdük.
Can yoldaşım, bir də mən təbəssümə büründük,
Duyğumuz təzələndi, mələk kimi göründük.
Evin xanımı, sanki göyərçintək uçurdu,
Gülmüsər baxışıyla ora-bura qaçırdı.
Qaynana-qaynatanı gözlə əzizləyirdi,
Masaya süfrə sərib xörəkləri düzürdü.
Samovar lap adama xüsusi zövq verirdi,
Çayın ətri ürəyə xoş duyğular sərirdi.
Manqalın cızıltısı bağ içrə dolaşırdı,
Burnumuz da kababın iyinə bulaşırdı.
Bağ içində toyuqlar, cücələr qaçışırdı,
Hinduşkalar çəpərin üstündə uçuşurdu.
Günəş hərdən buludlar içindən çıxıb baxır,
Ürəyə atəş tökür, köksü yandırıb yaxır.
Qoca palıd uzaqdan budaqların tərpədir,
İlahi, bu mənzərə adamı bihuş edir.
Yarpaqları ipəkdən akasiya ağacları,
Başlarında bərq vurur yaşıl-bəyaz tacları.
Elə bil biz illərin tanışıydıq, bu evdə,
Sıxılmaq, çəkinmək nə, çətinlik yox heç nədə.
Həyətin bəzəyi idi masa və oturacaqlar,
Səhər oldu bəyaz şeh ot-əncəri qucaqlar.
Biz masanı gün düşən tərəfdən qaçırardıq,
Tapıb kölgə bir yeri günəşi uçurardıq.
Evin dörd tərəfində masamız gəzişirdi,
Bu iş hər birimizə vəzifətək düşürdü.
Hamının üz-gözündən mehribanlıq yağırdı,
Səhərin erkən şehi buludları sağırdı.
Ayılıb xoruz banı bağ içinə çıxırdıq,
Kəndin gözəlliyinə göz dolusu baxırdıq.
Uzaqdan çayın səsi, gözəl nəğmə oxurdu,
Quşların civiltisi qəlbə xalı toxurdu.
Doyunca saf havanı ciyərə doldururduq,
Ruhumuz zirvələrdə, könlə məkan qururduq.
Dadlı kürə çörəyi ətiriylə gəl deyirdi…
Ruhumuz qanadlanıb öz-özünü öyürdü.
Bu evin uzun saçlı Günel qızı bir aləm,
Qaşlarna Tanrıdan çəkilib qara qələm.
Ağ üzündə dünyanın sevinci dolaşırdı,
O körpəcə ürəkdə dilək aşıb daşırdı.
Ananın buyruğuna canla-başla qaçırdı,
Elə bil yerlərdə yox, o, göylərdə uçurdu.
Yeniyetmə Elmanın fikirləri dolaşıq,
Gözlərindən aləmə nur saçırdı gur işıq.
Bu il orta məktəbin sonuncu sinifində,
Taleyi yürü deyir qulağına hər gün də!
***
Evin yiyəsi Ceyhun həm şair, həm müəllimdi,
Ürəyi, söz-söhbəti bulaq təki həlimdi.
O tarixdən dərs deyir şagirdlərə məktəbdə,
Sözləri aşıb daşır, şeriyyət gəzir təbdə.
Hələ neçə kitabı işıq üzü də görüb,
İlhamın bağçasından güllər, çiçəklər dərib.
Balaqusarın eli ona yaxşı bələddi,
Səsinin avazında uçur şeirin səddi.
Ruhu xeyir misallı, qəlbi açıq ziyalı,
Bütün uğurlarına dəstək olan əyalı.
Onun şair ürəyi söz-söhbətin məkanı,
Oturub dərdləşirdi tapan kimi imkanı.
Bizi götürüb hərdən dağa, düzə gedirdi,
Ruhumuzun içində sevinc pərvaz edirdi.
Dil-dodağından şeir əskik olmurdu heç vaxt,
Bu beş günün içində sutək axıb getdi vaxt.
***
Can yoldaşı Vəsilə evin gözəl gəlini,
Hər bir buyruğa qaçar, işdən çəkməz əlini.
Atası da Vəlixan üzügülər adamdı,
Ətrafda oğul-uşaq ürəyə yatan kamdı.
Anası Cəmilənin gözündə dünya gülür,
Nəvələrin sevinci qəlbə axıb tökülür.
Demə, ürəkdə şeirə böyük həvəsi yatır,
İçində ilhamının hıçqırtıları batır.
Onun da şeriyyəti gözlərindən boylanır,
Qəlbində yazmaq eşqi gizli alışıb yanır.
Yazdığı şeirləri bir kitabda toplanıb,
Keçdiyi həyat yolu ürəyinə saplanıb.
Demə, şair ananın şair oğludu Ceyhun,
Ruhuyla şeriyyata candan bağlıdı Ceyhun.
Sözünün qibləsini, Kəbəsini tanıyır,
Onu yaşadan eşqdi, ağlı eşqlə sınayır.
Həmkarımın evinin havası necə safdı,
Dostluğa qiymət verən, onu duyan sərrafdı.
***
Bu beş günün sevincin köçürtdük qəlbimizə,
Ruhumuz təzələndi, işıq bəxş etdi bizə.
O günləri hələ də məhəbbətlə anıram,
Bir də ora dönməyin havasıyla yanıram.
Dağ evin nağılını burda sona yetirdim,
Siz sağ, bizsə salamat. Hekayəmi bitirdim.
24.08.2016
Şirin Xanım Kərimbəyli Şadiman