BU ADAM BAZARINDA İNSANLIĞA ACAM MƏN
Bu adam bazarında insanlığa acam mən,
Haram var bu dünyadan baş götürüb qaçam mən?
Gördüklərim həyatmı sutək ömrə calanıb?
Quş təki canım ola qanad açım uçam mən.
Bu tapmaca zamanın işığı gözə çatmır,
Bəlkə cahan bir günah, bəndə adlı suçam mən?
Kirin-kirin alışan saatlar gündən qopur,
Ömür ocağı tüstü onu udan bacam mən.
Duyduqlarım əzabım, duymadığım korluğum,
Candan çəkdiklərimə ömrüm boyu bacam, mən.
İçimdən bir ah qopur sancılır can tirinə,
Haqq ətəyindən tutan ucalardan ucam, mən.
Ey Şadiman nədir ki, ürəyini oxlayan,
Ruhum candan aralı, ikisinə ucam mən.
Şirinxanım Kərimbəyli ŞADİMAN