Вы просматриваете: Главная > Şeirlər > İSTİQLALIN SORAĞI…

İSTİQLALIN SORAĞI…

 

 

 

                 İSTİQLALIN  SORAĞI     

İstiqlalımızın  Öndəri  Məmməd  Əmin  Rəsulzadəyə

 

Azərbaycan  davasıyla  gəzdin  ölkəbəölkə,

Hər  cür  ağrı-acılara  dözdün  ölkəbəölkə,

Pak  bağrını  əzablarla  üzdün  ölkəbəölkə,

İstiqlalı  ürəyində  yaşatdın, Məmməd  Əmin,

Qəlbdə  şanlı  heykəlini  ucaltdın, Məmməd  Əmin.

 

Ey  millətin  fədaisi, ey  başı  uca  öndər,

Köləliyə  usyan  dedin, düşdün  yurddan  dərbədər,

Yaratdığın  Cumhüriyyət  sanma  ki, oldu  hədər,

Könlümüzün  şərəf  dolu  havası  Məmməd  Əmin,

O  himn  ki,  dilimizin  duası, Məmməd  Əmin.

 

O  üç  rəngli  Ay – Ulduzun  başımızın  üstündə,

Ucalacaq  bu  torpaqda  heykəlin də, büstün də…

Keçdin  hər  cür  qan-qadadan  bu  Vətənin  üstündə!…

Mirvari  ki, parlaq  olar  sədəflə, Məmməd  Əmin,

Taprixlərə  düşdü  adın  şərəflə, Məmməd  Əmin.

 

Ey  taleyi  məhkum  olmuş  Məmləkətin  övladı,

Avropada  aha  döndü  dilinin  haqq  fəryadı,

Sən  qorudun  kişiliylə  o  müqəddəs, pak  adı,

Qürbətlərdə  Vətən  dedin, alışdın, Məmməd  Əmin,

Bağrımızın  atəşinə  qarışdın  Məmməd   Əmin.

 

O  qurduğun  istiqlalın  havası  başımızda,

Çəkdiyimiz  sitəmlərin  ahı  göz  yaşımızda,

Kölə  olduq, qana  batdı  hər  zərrə  daşımız  da,

Öldü  min  bir  savaşlarda  bacı, qardaşımız  da,

Əsirliyi  dada-dada  qul  olduq, Məmməd  Əmin,

Selə  düşmüş  çay  daşı  tək  oyulduq, Məmməd  Əmin.

 

Əyilmədin, qul  olmadın  yağılara  heç  zaman,

Qulpərəstlər  təki, Öndər, diləmədin  ah-aman,

İman  əhli  olanları  tərk  eləyərmi  iman?

Ey  imanı  kamil  başçı, yağı  hiyləsi  yaman,

Didərginlik  fəraqına  tuş  oldun, Məmməd  Əmin,

İstiqlalın  mayağıtək  faş  oldun, Məmməd  Əmin.

 

Azərbaycan  istiqbalın  dünyaya  e’lan  etdin,

Dağıtdılar  amalını  sonadək  nalan  etdin,

Üçrəngli  pak  bayrağı, himnini  balan  etdin,

İyirmiüç ay hür  tarixin  o  könül  qalan  etdin,

Qəlbimizin  səmasında  Günəşsən, Məmməd  Əmin,

Azadlığın  ocağına  atəşsən, Məmməd  Əmin.

 

O  qurduğun  Cumhüriyyət  yenidən  ucalıbdı,

Sevmədiyin  köləliyə  millət  zəfər  çalıbdı,

Başıbəlalı  məmləkət  öz  haqqını  alıbdı,

Adın, ey  ulu  Öndərim, tarixlərdə  qalıbdı,

Ruhun  azad  uça  bilər  Vətəndə, Məmməd  Əmin,

Pak  olur  qəlbdə  hüriyyət  bitəndə, Məmməd  Əmin.

 

Səni  tarix  yaşadacaq  böyük  əməllərinlə,

İstiqlal  yoldaşlarınla  hür  qurdun  əllərinlə,

Qaldın  tarix  səhnəsində  üsyankar  illərinlə,

Ürəyində  yara  açdı  dərd  kölə  ellərinlə,

Məzarın  türk  torpağında  qalıbdı, Məmməd  Əmin,

Ruhun  ana  Vətəndə  yurd  salıbdı, Məmməd  Əmin.

 

Novxanıdan  qanadlandın  istiqlal  səmasına,

Könlümüzdə  bir  ocaq  var  o  günəş  təmasına,

Tuş  olubdu  çox  diləklər  taleyin  əmmasına…

İlahi  də  imza  qoyub  köləliyin  yasına,

Əsir  olmuş  torpağımız  alına, Məmməd  Əmin,

Şanlı  Himn  qul  Şuşada  çalına, Məmməd  Əmin…

 

Bu  Şadiman, ey  Öndərim, istiqlala  can  deyir,

Öz  qanını  azadlığın  yolunda  qurban  deyir,

Sənə  arxa  çevirənə  savaş  deyir, qan  deyir!

Yumruq  boyda  ürəyinə  haqq  yolunda  yan  deyir!

Bayrağımın, himnimin  çırağı, Məmməd  Əmin,

İstiqlalın  on  səkkizdən  sorağı, Məmməd  Əmin!…

21.01.2002

Şirin Xanım Kərimbəyli Şadiman