NİGARANAM
Bu dünyanın qüssə dolu sabahına inamım az,
Qarlı qışdan üzü bəri uzaqlardan əl edir yaz,
Göylər sirli, günəş altun, yol gözləyən yollar bəyaz,
Bu sərsəri oyunların hər sirrindən, nigaranam,
Dünyanın üst qatı asan, mən dərindən nigaranam.
Ağrı-acı qıvrılıbdı ilan təki köks içində,
Çöhrə gördüm, könül gördüm, vicdan gördüm hər biçimdə,
Bu nakişi zamanənin nə var desən o içində,
Haqq qıfılı itirilmiş açarından, nigaranam,
Sürünəni ayaqlarda, uçarından, nigaranam.
Dünya içi alovlanan bir məşəldi yanacaq hey,
Namərdi min qədd əyilən, mərdi sızlar yanıqlı ney,
Sürükləyir eniş-yoxuş min illərdi bizi giley,
Yerlərə səd ət bədənlər, ölümlərdən, nigaranam,
Ərzi-göyü ram eyləyən zülümlərdən, nigaranam.
Sinəm, bağrım köpüklənən bir nəhrdi qalxıb ərşə,
Əyilməzdir dağ vüqarım, amadədi hər döyüşə,
Zərif qadın vücuduma sığmaz, Tanrım, bu əndişə,
Acıları dağlar boyda insanından, nigaranam,
Hiyləsi min fil aşıran hər anından, nigaranam.
Şadimanın sinəsində dünya sığmaz möhnəti çox,
Səadəti bircə anlıq ömrü boyu zilləti çox,
Bu dövranın hər addımı ürəyinə zəhərli ox,
Min il belə hönkürəcək sözlərimdən, nigaranam,
Ürəklərin için görən gözlərimdən, nigaranam…
Şirin Xanım Kərimbəyli Şadiman