Вы просматриваете: Главная > Şeirlər > SƏN VARSAN, ATA…

SƏN VARSAN, ATA…

SƏN VARSAN, ATA
Ataların şərəfinə…

Qəzəbin olsa da ildırım, şimşək,
Sənsən qibləgahım bu dünyada tək,
Eyləmə, tacidar, buna şübhə, şəkk,
Ən uca zirvədə pak qarsan, ata!
Yaxşı ki, dünyada sən varsan, ata!

Bir sərin axşamda gözüm dolardı,
Başımın üstünü tufan alardı,
Sənsiz mənim halım necə olardı?
Sən sərvət, sən dövlət, sən varsan, ata!
Yaxşı ki, dünyada sən varsan, ata!

Ən ulu dağlarım sənlə ucalır,
Bu təbim, ilhamım səndən bac alır,
Mənə deyəndə ki, atan qocalır…
Sınan ümüdümə sən yarsan, ata!
Yaxşı ki, dünyada sən varsan, ata!

Qızlar anasından həya alarlar,
Ana ətəyinə mehr salarlar,
Atasız çiçək tək mehdən solarlar,
Sən namus, sən ismət, sən arsan, ata!
Yaxşı ki, dünyada sən varsan, ata!

Mənim bu həyatla əhdü-peymanım,
Damarda dövr edən, qaynayan qanım,
Mənim ulu dünyam, ey şirin canım,
Əzəldən arzuma vüqarsan, ata!
Yaxşı ki, dünyada sən varsan, ata!

Ata ocağına sığınar ürək,
Bülbül qanadlıdır min arzu, dilək,
Olduğum ocağa, ey arxa, dirək,
Halal zəhmətinlə çinarsan, ata!
Yaxşı ki, dünyada sən varsan, ata!

Ay oğul-uşağa cəfalar çəkən,
Bir gündə üstünə min dərd-qəm tökən,
Ey ailə adlı ağır yük çəkən…
Həyat dənizinə avarsan, ata!
Yaxşı ki, dünyada sən varsan, ata!

Əsəbin varımdı – yağar başıma,
Gülüşün selimdi – çıxar qarşıma,
Mənim uşaq, cavan, qoca yaşıma,
Sanki gülüstansan, gülzarsan, ata!
Yaxşı ki, dünyada sən varsan, ata!

Şirin xanım sənin şirin balandı,
Bircə an yoxluğun ömrə talandı,
Sənsiz mənim üçün həyat yalandı,
Həmişə ömrümə baharsan, ata!
Yaxşı ki, dünyada sən varsan, ata!

Şirin Xanım Kərimbəyli Şadiman

Şərh üçün bağlıdır.