Вы просматриваете: Главная > Şeirlər > GÖZLƏMƏ

GÖZLƏMƏ

GÖZLƏMƏ

Naqisdən doğruluq, namərddən düzlük,
Özünü sevəndən peyman gözləmə.
İküzlü adamdan saflıq, təmizlik,
Yolundan azandan iman gözləmə.

Çox “mənəm” deyənlər özündən dedi,
Min-min günahsızın başını yedi,
Özgə əməyilə zərxara geydi –
Əyri əməllərə zaman gözləmə.

Kişilər az gəlib qoca dünyaya,
Qanmazlar qananı verib fənaya,
Çox dil pəhləvanı yetərək “haya”,
Başına ələyər duman, gözləmə.

Özündən razılar tutub dünyanı,
Bir qara qəpiyə satıb dünyanı,
Alovun köksünə atıb dünyanı,
Vicdanı yoxsuldan, aman, gözləmə.

Düzlükdən danışdı çox kələkbazlar,
Ağıl da öyrətdi ağlıdayazlar,
Suyun çirkabına baş vurar qazlar,
«Düzəm», deyəndən qaç, yaman gözləmə.

Çox əyri əllərdə söndü min ocaq,
Çox tale, çox ürək oldu oyuncaq,
Dost əli sinənə saplasa bıçaq…
Döz ağrı-acına, dərman gözləmə.

Şadiman, boşalıb-dolma bulud tək,
Bəmdə haray çəkmə, yanıqlı ud tək,
Ömrün tufanına döz bir palıd tək…
Yaxşıya baş endir, fərman gözləmə!
Şirin Xanım Kərimbəyli Şadiman

Şərh üçün bağlıdır.