Вы просматриваете: Главная > Məqalələr > GÜNDƏM XƏSTƏLİYİNƏ TUTULANLAR

GÜNDƏM XƏSTƏLİYİNƏ TUTULANLAR

GÜNDƏM XƏSTƏLİYİNƏ TUTULANLAR

Axır zamanlar məndə belə fikir yaranıb, məktəbdə davamiyyəti zəif olan, kifayət qədər məktəbdə öyrədilən fənlərdən baş çıxarmayan insanların bir çoxu qələm əhli, ya da müğənni olur. Mənim indiki yazacağım mövzuda qətiyyən müğənnilərlə işim yoxdu. Bu mövzu ilə qoy musiqi sahəsində çalışan, ömrünü-gününü o işə sərf edən adamlar məşğul olsun. Məni özümün də içində olduğum mühit axır zamanlar daha çox narahat etməyə və həyəcanlandırmağa başlayıb. Necə deyərlər hərə əlinə bir qələm götürüb, bir-iki hekayə, ya şeir yazandan sonra çevrilir şirə, az qalır ətrafındakıları dağım-dağım etməyə, hətta nəinki ətrafdakıları, bir neçə əsr bundan qabaq dünyasını dəyişib haqq aləminə qovuşmuş insanlarımıza qarşı zəif inkişaf etmiş beyinlərinə nə düşdü sözə çevirib indi internetdə geninə-boluna var-gəl edən saytlarda çirkab atmağa, hay-həşir salmağa…Guya bunlar ədəbiyyatımızda inqilab etmiş dahilərdi. Bunların işığı elə aləmə düşüb ki, günəş bunların yanında yalan olub. Bunlar olan yerdə klassiklərimiz Füzuli, Nəsimi, Xətai kimdi? Onlar eşqdən, güldən, bulbuldən yazıblar, bu üzdəniraq dahilərsə ədəbiyyatımızda tapıntılardı.
Adama deyərlər, ay özünü yazar sayan bu tip bədbəxtlər, Füzuli, Nəsimi, Xətai harda, siz harda? Füzuli çoxdan sizi kimiləri həm öz dövüründə, həm də sonrakı dövürlərdə öz nəhəng söz kəhkəşanı ilə özünün də dediyi kimi (“Mən qoparıb atmışam min dağı bir dırnağ ilə”) bir dırnağı ilə qoparıb atıb. Siz onun-bunun qeybətini qırmaqdansa başınızı salın aşağı ağıl qazanınızda nə isə varsa bişirin, sonra ortaya qoyun. Xarici yazarların yazdığlarının orasını-burasını düzəldib, özünükləşdirib, kopyələməyin. Siz xarici yazarlar kimi yazmaqla nə alman, nə ingilis, nə də digər millət olacaqsız. İnanın ki, bu çox gülünc görünür. Xarici oxuculara da hər millətin adət-ənənəsi, mədəniyyəti, yaşam tərzi, həyata baxışı maraqlıdır. Saqqal-bığınızın görkəmini dəyişib, xarici yazarlar sayağı cəh-cəh vurmağınız gülünc görünür, bu həm də sizin kimi cikilliyən qadın yazarlara da aidir. Necə deyərlər bağa qınından çıxıb qınını bəyənməyir. Mən başa düşə bilmirəm siz hansı ailələrdən çıxdız, sizin çıxdığınız ailələrdə hansı qeyri-adiliyi yaşadız ki, Azərbaycanın həm çörəyi, həm suyu, insanlarının yaratdıqları sizə zəhər dadı verir. Siz körpə ikən beşiyiniz başında analarınız layla demədimi? İçinizi kök-soy sevgisiylə doldurmadımı? Hardan, nədən qaynaqlanır sizdə kökə, soya, əsgiyə nifrət? Axı siz keçmişdə və bugün bədii yaradıcılıqla məşğul olmuş insanlarımızdan nə istəyirsiz? Bununla niyə nail olmaq istəyirsiz? Fikirimcə fitri istedadı olan kəs heç kəsin bostanına daş atmaz, öz ürək çırpıntılarının səsini dinləyər, özünün bacardığı qədər yaradıcılığa nail olar. Nifrət heç zaman heç kəsi xoşbəxtiliyə çatdırmayıb, xoş gunlər nəsib etməyib. Nifrət insanı uçruma aparır. Bədbəxtliyə düçar edir. Siz sovet dövrünün yazarlarını daşlamaqla nəyi qazanırsız? Onlar heç olmasa işğal dövründə dilimizi qorumağa nail olublar, siz o zamanlar doğulsaydız necə və hansı dildə cəh-cəh vurardınız, allah bilir…
Yaradıcı insanın kimliyi onun aldığı ödüllərin, hansı birliyin üzvü olmağıynan ölçülmür. Sizin həsrətində olduğunuz “Nobel” mükafatı da çox vaxt siyasi meyarlara xidmət edir. Siz hansı etnik kökə sahib olmağınızdan asılı olmayaraq bu torpağın suyunu, çörəyini daddız, bu ölkədə boya-başa çatdız, Avropanın hansı küncündəsə yuva qurmaq üçün öz kimliyinə xilaf çıxmaq satqınlıqdan başqa bir şey deyildir. İnanın ki, satqını heç kəs sevmir, nə daxil, nə xaric!
Füzuli bəşəri sevgini ilahiləşdirdi, eşqi heçliyə endirənlərin düşüncələrinə qarşı çıxdı, özü eşqin zirvəsini fəth etdi, axı sizlər bunu necə dərk edib, qavrayasız, özünüz uçrumun dibindəsinizsə…
Sizlər kompyüterin düymələrini basmaqla, bir-iki proqamları əzbərləməklə özünüzü dahi sayırsınızsa, onda yazıqlar olsun bizim gələcəyimizə…Dəqiq deyə bilmirəm, sizlər daxildən, ya xaricdən maliyyə dəstəyi alıb ortaya çıxmısınız, amma həqiqət odur ki, sizlər ədəbiyyat adamı yox, ədəbiyyata baş ağrısısız… Sizlər hansı ocaq, hansı qurum yaradırsız yaradın, bu əqidəylə
heç bir uğur qazana bilməyəsəksiz. Halal uğur qazanmağın yolları istedaddan, ağır zəhmətdən, özünün üstündə çalışmaqdan, yaradıcılıqdan savayı digər peşəyə yiyələnməkdən keçir. Yəni sənin başqa peşədən gəlir mənbəyin olsun və heç kəsdən asılı olmayasan, özün öz sözünün sahibi olasan. Bütün bunlara sahiblik isə orta məktəbədə qazandığın biliklərdən boy göstərir.
Yoxsa səhərdən axşama qədər gününü çayxanalarda keçirib, özündən çox-çox ucalarda dayananların haqqında ağına-bozuna baxmadan ağızına gələni üyüdüb tökmək savadsız, məqsədsiz, amalsız adamların işidir. Sizlər hələ gəncsiniz, oxuyub hansısa sənətə yiyələnmək, sizlər üçün hələ gec deyil, əgər buna daxili gücünüz və savadınız çatırsa?…Ədəbiyyat qeybətlə, kimlərinsə ünvanına şər-böhtan söyləməklə yaranmır, ədəbiyyat istedadlı adamları sevir, onlara ana təki isti qucağını açır. Adam ədəbiyyatda yaratdığı ocaqla, qurumla, aldığı ödüllərlə, tutduğu kürsüylə yox, nəyi yaradıbsa onunla qalır. Füzulilər, Nəsimilər, Xətailər, Seyid Əzimlər və digərləri öz yaratdıqları ilə ədəbiyyatda öz dövürlərinin özəliklərini əks etdirdilər. Sizlər də öz dövrünüzün əyər-əskikliklərini yazıya almağa qadirsinizəsə, buyurub öz sözünüzü deyə bilərsiz. Bir şərtlə ki, dünənimizi və bu günümüzü təhqir etməməklə. Sizlərin tutduğunuz yol bugünki gününüzü gündəmdə saxlamaq üçündür, sabah isə sizlər yaddaşlarda qalmayacaqsız. Ədəbiyyat lağ-lağı deyil, yaşadığımız həyatın aynasıdır, bu aynadan kim özünü necə görürsə, qələmi də gördüyünü yazır…Gənc yaşınızdan Tanrı xatirinə düşüncənizdə dərin şırımlar açmış bu mənfilikləri silin, milli düşüncənin, kökün-soyun əksinə getməyin. Əks halda bu da manqurtluğun bir növüdür. Manqurt isə nə doğulduğu ölkəyə, nə də bəşəriyyətə heç bir bəşəri dəyər verməyib. Dağlar başını duman, sis alan təki ədəbiyyat aləmi də dumansız, sissiz, yağmursuz olmayır, bu yağmurun çamurları sizi batırmamaqçın bir az dərrakənizi işə salın, niyə qadir olduğunuzu ortaya qoyun. Bəsdirin, eninə-boluna özünüzdən qat-qat yuxurda olanları aşığıdan yuxarı daşladız. Bir həqiqəti dərk edin ki, daş yuxardan aşağa atılanda yaxşı əks səda verir, aşağıdan yuxarı atılan daş qayıdıb adamın öz başına dəyə bilər. Sizə deyəcəklərim bu qədər, istəyirsiz qəbul edin, istəyirsiz etməyin, bu sizin öz işinizdi…Bunu da unutmayın ki, boşa keçən ömrün dəyərini heç nə ilə ödəmək mümkün deyil. Özünüzü qələm əhli sayırsınızsa, ona-buna çamur atmaqnan yox, ciddi yaradıcılıqla məşğul olun. Deyəcəklərim bu qədər, vəssalam, şüt tamam.
21.12.2015
Şirin Xanım Kərimbəyli Şadiman