ERMƏNİ GÜLLƏSİ BATMADI SƏNƏ
Özünə od vuran Qarabağ
Qazisi Zaur Həsənovun
ruhuna…
Erməni gülləsi batmadı sənə,
Səni bizimkilər yaman batırdı.
Bizdə unutqanlıq olub ənənə,
Nəsildən-nəsilə yurda yatırdı.
Özünə od vurub, canına qıydın,
Məmur hikkəsinə dözməyən Qazi,
Balalar önündə bunu haqq duydun,
Ağrını, acını çözməyən Qazi.
Çoxu künc-bucaqda gizlənən zaman,
Vətən harayına savaşa qalxdın.
Haqqı tapdalayan bilməyir iman,
Qapılar dalına haqqı buraxdın.
Hələ yurd-yuvalar işğal altında,
Biz öz-özümüzə qənim olmuşuq.
Fəryadın inləyir göyün qatında,
Acı müsibətə demə, yolmuşuq…
Canına qıymağı günah sayırlar,
Buna sövq edənin yeri cəhənnəm.
Bəndələr özünü allah sayırlar,
Sərvətdən, kürsüdən başlar olur dəm.
Biz Qarabağ boyda dərd daşıyırıq,
Bu dərddən varlanıb, şişənlər nə çox.
Təslimçi adıyla şən yaşayırıq,
Dilimiz neştərtək bir-birinə ox!
Ey Vətən insanı, nə günə düşdük?
Qarabağ Qazisi özün yandırır!
Bəs hansı tilsimə, düyünə düşdük?
Yurdumuz-yuvamız ah oyandırır.
İnsanı canından bezdirən kəslər,
Sizlər vəzifəyə xalqçın gəlmisiz.
Vicdanı çuvalda gəzdirən kəslər,
Haqsızlıq üçün yox, haqçın gəlmisiz.
Ey Vətən övladın tapdalayanlar,
Bizim işğal altda torpağımız var!..
Xalqı güvə təki sərt dalayanlar,
Bizim Güney boyda bir dağımız var!..
Bu gecə yuxular qaçıb gözümdən,
Alışan Qazinin səsi qulaqda.
Bu gecə göz yaşım baxır üzümdən,
Sözlər sətir-sətir donur varaqda.
Ailə başına tökülsə də pul,
Onlar ata dağı daşıyacaqlar.
Evin sütununa əkilsə də pul,
Ömürlük ağrıyla yaşayacaqlar.
Özünə od vuran Qazi məzarda,
Ölən ümidləri başdaşı oldu,
Yetim balaları qaldı ah-zarda,
Bu tarix – Vətənin göz yaşı oldu!
30.12.2013
Şirin xanım Kərimbəyli Şadiman
Bir cavab yazın
Şərh yaza bilmək üçün giriş etməlisiniz.