Вы просматриваете: Главная > Şeirlər > QAÇ QURTAR…

QAÇ QURTAR…

QAÇ QURTAR

Bu dünyada qorumaqçın özünü,
Kələkbazın kələyindən qaç qurtar.
Çətinliklər qatlamasın dizini,
Dilbilməzin küləyindən qaç qurtar.

Çirkinliyi içəridən ararlar,
Çox hürilər ürəyini vurarlar,
Pünhan-pünhan sənə tələ qurarlar,
Bu dünyanın mələyindən qaç qurtar.

Zaman necə saat təki qurulub,
Hər ömürə bir tərəzi qurulub,
Şər əllərdə düzlüyə toy qurulub,
Zamanənin ələyindən qaç qurtar.

Çoxu durdu bu dünyanın üzünə,
Çox günahsız qanlar tökdü düzünə,
Xaliq özü pərdə çəkib üzünə,
Əzrayılın hənəyindən qaç qurtar.

Ey Şadiman, sinəndə nə həvəsdi?
Duyğularla necə nəfəs-nəfəsdi,
Ürəyimə sirli dünya qəfəsdi,
Hər havada diləyindən qaç qurtar.
20.10.1989