ŞƏHİDƏ

Baxmayın ölü kimi dünyada heç vaxt, Şəhidə!
Deməyin ki, gülməyib fələk verən bəxt Şəhidə.

Var adamlar — yaşayır uzun ömür, yoxdur özü,
Gəlib şəhidlik adı Rəbdən bivaxt Şəhidə.

Vətəni olmayanın məzarı da itib-batır,
İlahidən qurulub ən uca bir taxt Şəhidə.

Tökməsin göz yaşını bu ölümə yaxın-yadı,
Deyir kim ki, “ölüdür” — özüdür bədbəxt, Şəhidə!

Mənasız ömürlərin yoxdur sayı-hesabı heç,
Mənalı ömür yazıb Yaradan sərvaxt Şəhidə.

Deməsinlər “öləcək, ruhun özü yalan-filan”,
Bütün ruhlar gələcək səcdəyə o vaxt Şəhidə!

Qucacaq sevgi ilə cismi Vətən torpağını,
Ruhu pərvaz edəcək, hönkürəcək vaxt Şəhidə.

Şadiman, çəkiləcək əməllərin haqq-hesabı,
Bil ki, baxır kainat aləmdə xoşbəxt Şəhidə!

03.04.2016