EY GÜNEY, DƏRDİNƏ ÇARƏ İSTİQLAL

Nə yatmısan, oyan, ey bəxti qara,

Vurulur sinənə üstbəüst yara,

Varlığın çəkilir günbəgün dara,

Bayrağın üstündən boylansın hilal,

Ey Güney, dərdinə çarə istiqlal.

 

Tarixinə baxma, eyvah geridə,

Düşmənlər qul edir bəzən Əri də,

Qoyma içdə yağı səni əridə,

Bu torpaq, yurd-yuva babandan halal,

Ey Güney, dərdinə çarə istiqlal.

 

Oyan, qalx bəxtini qara etmə gəl,

Vətənin ürəyin yara etmə gəl,
Yolunun üstündə bir sürü əngəl,

Birləş özgürlüyü hünərinlə al,

Ey Güney, dərdinə çarə istiqlal.

 

Yağıyla birlikdə dərdə çarə yox,

Soydaşın quldursa sən ondan çox qorx!

Yuyub təmizləyə bilmir kiri arx…

Bürüyər elini dərd, nalə, zaval,

Ey Güney, dərdinə çarə istiqlal.

 

Babək hünərlilər birləşin daha,

Sözü güləşdirmək aparır aha,

Yağı eşq eləyir bu gün silaha,

Gurultu salandı, ancaq boş qaval,

Ey Güney, dərdinə çarə istiqlal.

 

Təbrizin gözündə yurd salıb kədər,

Sanmayın kədərin banisi qədər…

Qurtuluş heç zaman olmayır hədər,

Qalxıb öz haqqını alsın yurd, mahal,

Ey Güney, dərdinə çarə istiqlal.

 

Düşmənlər göz qoyub Ərdəbilinə,

Bəla zəncirini vurur elinə,

Qurbanam o tayın şirin dilinə…

Birləş qollarını boynumuza sal,

Ey Güney, dərdinə çarə istiqlal.

 

Heç vaxt pardaqlanmaz dərdə eşq edən,

Yurdu, yuvasıyla acı məşq edən,

Deməyin əliboş dünyadan gedən,

Şərəf, şərəfsizlik doğurur sual,

Ey Güney, dərdinə çarə istiqlal.

 

Bu nə Qacarlardı, nə Səfəvilər,

Ətrafda zəhərli, qorxunc əfilər,

Düşmən ayıq-sayıq, tətikdə əllər,

Ayıq ol, salması ürəyinə xal,

Ey Güney, dərdinə çarə istiqlal.

 

Vətən ağrısını Şadimandan sor,

Salıb ürəyinə sönməyən od qor,

O Tayı bu Taydan ayrı salmaq zor!..

Bizi harayadək aparar xəyal,

Ey Güney, dərdinə çarə istiqlal.

Ey Güney, dərdinə çarə istiqlal.

30.01.2026