Mənə anam qədər əziz olan
bacım Xaniməyə ithaf
Nələr arzuladın, nələr qazandın?!
Dilində daima Rəbb oldu andın,
Allah duasıyla yatıb oyandın,
O uca göylərdən nur alan bacım,
Dünya yaranandan boş, yalan, bacım.
Nəyi diləyirdin, nə düşdü bəxtə?!
Üzlər mələkdənmiş, ürəklər saxta,
Ömür ocaq çatıb od qoydu vaxta,
Ümidləri solub saralan bacım,
Dünya yaranandan boş, yalan, bacım.
Çəkdiyin zəhmətin heç çin olmadı,
İlahi yolunu rəvan salmadı,
Daha bəndələrə ümid qalmadı…
Od-su arasında tək qalan bacım.
Dünya yaranandan boş, yalan, bacım.
Hamıya istəyin, sevgin bol oldu,
Saysız diləklərin şərə qul oldu,
Bu necə keçilməz bəxtə yol oldu?
Maskalı üzlərdən daralan bacım.
Dünya yaranandan boş, yalan, bacım.
Alışan könlünə necə su səpım?!
Ağrını, acını könlümə təpim,
Üzündən, gözündən doyunca öpüm,
Saxta insanlardan aralan, bacım.
Dünya yaranandan boş, yalan, bacım.
Dilinə Allahın duası qondu,
Üzünə mələklər həyası qondu,
İblislər artıqca dünyaya sondu..
Bu ömür yolları çox dalan bacım.
Dünya yaranandan boş, yalan, bacım.
Qələmi sınaydı tale yazanın,
Tərəfdarı çoxmuş yolu azanın,
Bəxti qara gəlsin quyu qazanın,
Ürəyi dərdlərdən ay talan bacım.
Dünya yaranandan boş, yalan, bacım.
Ey ata evimin pak sonbeşiyi,
Çəkdin ona-buna könül keşiyi,
Səniçin qurmuşam qəlbdə beşiyi,
Gəl dincəl içində, yer kalan bacım.
Dünya yaranandan boş, yalan, bacım.
Dünya bizim üçün deyil, Xanimə,
İblisə, şeytana daha can demə,
Quduzlar könlünü tuş etdi yemə,
Canımın içində yurd salan bacım.
Dünya yaranandan boş, yalan, bacım.
O gözəl görkəmin ərdi getdi,
Maskalı insanlar səni yem etdi,
Bütün vücudunu əzab üyütdü,
Göyün buludutək tez dolan bacım.
Dünya yaranandan boş, yalan, bacım.
Haraya boylandım elə qəm uddum,
Çəkdiyin dərdləri qəlbimdə tutdum,
Demə canım, gözüm səni unutdum,
Məni də hesab et öz balan bacım.
Dünya yaranandan boş, yalan, bacım.
Çəkir bir ömürdü Şirin ağrını,
Necə təmizləyim qəmdən bağrını?!
Salırlar ayağa dillər doğrunu…
Yazımı, qədərmi bu olan bacım?!
Dünya yaranandan boş, yalan, bacım.
06.06.2025 Qusar