RUHU OYADIR

Qəndab Həbib qızı Quliyeva (10 avqust 1949Dilağarda,

Füzuli rayonuAzərbaycan SSR – 26 iyun 2017BakıAzərbaycan)

— müğənni, xanəndə, aktrisa, muğamlarımızın əvəzsiz ifaçısı,

 Azərbaycan Respublikasının xalq artisti 

Şirin zəngüləylə ruhu oyadır,

Bəmi də, zili də könlə bal dadır,

Onsuz muğamımız qəmli haldadır,

Dünyadan köç edib, səsi dünyadır,

Ruhu gül qoxuyan Qəndab xanıma,

Çatmaz hər oxuyan Qəndab xanıma.

Ona mən muğamın anası deyim,

Segahın, Sarəcin sonası deyim,

Ruhu yurd yerinə qonası deyim,

Min il bundan sonra yanası deyim,

Ruhu gül qoxuyan Qəndab xanıma,

Çatmaz hər oxuyan Qəndab xanıma.

Basır ürəklərə od dolu közü,

Acizdi önündə şerimin sözü,

Avazı oxşayıb gecə-gündüzü,

Səsin bəxşiş edib İlahi özü,

Ruhu gül qoxuyan Qəndab xanıma,

Çatmaz hər oxuyan Qəndab xanıma.

Tükətdi canını vətən həsrəti,

Çökdü muğamlara yurd hekayəti,

Hər muğam şöbəsi Rəbbin qayəti,

Bəxş etdi Yaradan əbədiyyəti,

Ruhu gül qoxuyan Qəndab xanıma,

Çatmaz hər oxuyan Qəndab xanıma.

O ecazkar nəfəs, haqqın sehrimi?!

Vəfasız dünyaya ana qəhrimi?!

Şirin zəngulələr vəfa mehrimi?!

Həm bəmi, həm zili yerin nəhrimi?

Ruhu gül qoxuyan Qəndab xanıma,

Çatmaz hər oxuyan Qəndab xanıma.

Oldu operanın şəfa mələyi,

Leylisi, Əslisi buldu ürəyi,

Muğam şöbələri sönməz diləyi,

Zirvələr fəth etdi xanəndəliyi,

Ruhu gül qoxuyan Qəndab xanıma,

Çatmaz hər oxuyan Qəndab xanıma.

Muğam sevənləri nə tez tərk etdi,

Ayrılıq qəlblərdə ahı bərk etdi,

Əbədiyyət yolun ölüm dərk etdi,

Binə məzarlığı necə ərk etdi?!

Ruhu gül qoxuyan Qəndab xanıma,

Çatmaz hər oxuyan Qəndab xanıma.

Şadiman, var edər söz mədhiyyəni,

Salmadın bəndlərə özün öyəni,

Ellər unutmayır şair deyəni,

Yazdım misra-misra bu hədiyyəni,

Ruhu gül qoxuyan Qəndab xanıma,

Çatmaz hər oxuyan Qəndab xanıma.

                                           06.12.2024