Вы просматриваете: Главная > Şeirlər > BU VƏTƏN CANDIR

BU VƏTƏN CANDIR

 

Allahın adıyla hoqqa çıxaran,

Lənət imanına, ibadətinə,

Aləm çaxnaşdıran şər adətinə!

Doğulan günündən şeytanla aran,

Lənət hiylə dolu siyasətinə!

Bu Vətən candır,

Dindir, imandır,

Damarda qandır,

Azərbaycandır!

 

Özgə ətəklərin altda gizlənən,

Özgə havalara beyni kökləyən,

Yad yurdda, yuvada, çatda gizlənən,

Ölkə əleyhinə çox körükləyən,

Bu Vətən candır,

Dindir, imandır,

Damarda qandır,

Azərbaycandır!

 

Ey yurdda doğulub haqqı itirən,

Yəqin ki, əzəldən xaindir törən,

Məmləkət yetirib igid, ər-ərən,

Çoxdur nər oğullar, qolunu gərən,

Bu Vətən candır,

Dindir, imandır,

Damarda qandır,

Azərbaycandır!

 

Düşmənə dost deyən dindaş olarmı?

Allaha, Tanrıya sirdaş olarmı?,

Vicdanı yoxlardan qardaş olarmı?

Bu qədər imanda səhv, çaş olarmı?

Bu Vətən candır,

Dindir, imandır,

Damarda qandır,

Azərbaycandır!

 

Şəhid qanlarına suvanıb torpaq,

Qalxıb ayaqlardan başlara papaq,

Könlümüz Vətənə titrəyən yarpaq…

İgidlər çəkdilər yağılara dağ!

Sancılıb Murova, Şuşaya bayraq!

Bu Vətən candır,

Dindir, imandır,

Damarda qandır,

Azərbaycandır!

 

Gec-tez bütövləşər yurdumuz bir gün,

Aşacaq sədləri Ordumuz bir gün,

Bürüyər elləri toy-düyün bir gün,

Vurular xainin bəxtinə dügün!

Bu Vətən candır,

Dindir, imandır,

Damarda qandır,

Azərbaycandır!

 

Şadiman boşuna deməyir sözü,

Söz qılıncdan iti, yeməyir sözü!

Hər qarış Vətənə qurbandır özü,

Satqının, düşmənin tökülsün gözü!

Bu Vətən candır,

Dindir, imandır,

Damarda qandır,

Azərbaycandır!

 

29.09.2021

Şirinxanım Kərimbəyli ŞADİMAN