Вы просматриваете: Главная > Şeirlər > VƏTƏNƏ QURBAN OLSUN

VƏTƏNƏ QURBAN OLSUN

Vətənə qurban olsun tən içində canımız,
Çünki Vətəndir bizim, əzəl-son ünvanımız!
 
O ruhumuza beşik, dilimizin duası,
Ondan cilalanıbdır damarlarda qanımız.
 
Düşmənə tapdaq olsa, şərəfimiz alçalar,
Hörmətimiz sozalar, pozular səhmanımız.
 
Dilimiz qısa olar dost-düşmənin içində,
Haqqımız dərdə düşsə, yurd özü loğmanımız.
 
Vətən ata yuvamız, anamızın dilidir,
Yağı əlinə keçsə tapılmaz dərmanımız.
 
Özgə yurdda haçansa ömür sürə bilərik,
Həsrət çalxar ürəyi, qopar ah-amanımız.
 
Ata-ana ölümün pəncəsinə keçəndə
İtgiyə əcəl deyib baş əyir imanımız.
 
Torpaq itirəndəsə bədəndə can hönkürür,
Gecə-gündüz bağır içdəki vicdanımız!
 
Namus-şərəf ölçüsü Vətənin çəkisində,
Onun adına bağlı həmişə ad-sanımız.
Vətənə qurban olsun tən içində canımız,
Çünki Vətəndir bizim, əzəl-son ünvanımız!
23.07.2020

Şərh üçün bağlıdır.