Вы просматриваете: Главная > Şeirlər > QARSIZ GƏLDİN YENİ İL  

QARSIZ GƏLDİN YENİ İL  

Bu ildə yeni ili qarsız qarşıladıq biz,

Qar topu əvəzinə bir-birin daşladıq biz.

Kimi qeybət elədi, kimi alqış eylədi,

Kimi də bir-birinə çoxlu qarqış eylədi.

Kiminin süfrəsində nemətlər aşıb daşdı,

Kimi də boş süfrədə Tanrıyla pıçıllaşdı.

Yaradana şükürlə başa vurdu bu günü,

Çıxdı çölə kababın iyi tutdu köksünü.

Ağız-burnun bağlayıb tez tələsdi içəri,

Dedi: Allah yetirər, bu günlər də keçəri.

***

Uşaqlıq xatırələr göz önündə dolaşdı,

Ürəyim o günlərin həsrətinə bulaşdı,

Yeni ilin gəlişi qar-çovğunla başlardı,

Xəzri qurdtək ulardı, gözümüzü yaşlardı.

Vecimizə almazdıq şaxtanın soyuqluğun,

Nə də ata-ananın axşamdan yoğunluğun…

Qaçışardıq küçəyə, qartopu oynayardıq,

Yeni il gecəsini biz də belə anardıq.

Anam qorğa qovurub tökərdi cibimizə,

Bu yavanlıq dünyada, sanki bal idi bizə.

Qayıdanda içəri gözümüz sulanardı,

Əllərimiz şaxtanın təmasından yanardı.

Novalçadan salanan buzlar xışıldayardı,

Gecənin ayazına nəğmə pıçıldayardı…

***

Ötüb keçib o illər, nə şaxtalar qalıbdı,

Nə də qar öz yolunu bizə tərəf salıbdı.

Təbiət də dəyişib insanların üzündən,

Şaxta baba deyəsən qaçacaq Yer üzündən!

***

Adamların boz üzü daha da bozlaşıbdı,

Ülfət, sevgi sozalır, hər şey ayazlaşıbdı.

Yeni ilin gecəsi fişənglər atılsa da,

Səs-küyü, alovları göylərə çatılsa da,

Nə qar gəldi, nə külək, nə də göylər tutuldu,

Qış da qaçdı buradan, əlimizdən qurtuldu.

Xəbər çıxdı Qasımı öldürdü amerkanlar,

Bizimkilər o saat tutdu cana divanlar.

Göz yaşını tökdülər bizə yağı olana,

Qasım Süleymanini oturdular yalana.

Şiyə qəhrəmanıtək ona don da biçdilər,

Onu can evlərinə əziz, doğma seçdilər.

O İranlı genralı şəhidtək ağladılar,

Şəhid olmuşlarmızın ruhunu dağladılar.

Çək-çevir etmədilər o millətin yağısı,

Şəhid düşmüşlərmizin tutsun onu ağısı!

Dost-düşməni seçməyən daim qara bəxt olur,

Sığındığı Vətəni dağlır, boş taxt olur.

***

Qarabağ boyda dərdi daşıyan bir millətin,

Düşmən ölkəyə sevgi açdı, tökdü niyyətin.

Qasım cəfakeşləri Qarabağı unutdu,

İşğaldakı yurdu yox, düşmənin dostun tutdu.

Burda Mirzə Cəlilin “Ölüləri” dikəldi,

Qulağıma onların qəhqəhələri gəldi.

İndiki “Ölülərin” qohumu o “Ölülər”,

Neyləsin boş başlara bu yazıq Vətən mələr…

Müsəlman olmaq məgər Vətəni unutmaqmı?!

Kor-korənə özünü oda, közə atmaqmı?!

İlahi, qaytar bizi nə olar, gəl düz yola,

Özün də görürsən ki, düşmüşük müşkül hala.

***

Əlqərəz, oxunmuşlar əlin vursun başına,

Nəyi necə edəcək salsın ölçü-arşına.

Milləti cəhalətə sürükləyən cahillər,

Sonra əzab çəkəcək təzə gələn nəsillər.

“Kəmalüddövlə” yazanda Fətəli qan ağladı,

Ümidini qələmə, yazdığına bağladı.

Dedi:”Millət nə vaxtsa ağ günlərə çıxacaq,

Amansız cəhaləti, mövhümatı yıxacaq.

Sabirin fəryadını sözlər misraya düzdü,

Düşdü ciyəri xəstə, bu dünyadan əl üzdü.

***

Yasda şivən qoparan ey çadralı bacılar,

Aşılamın doğulan balalara acılar!

Yolumuz təhsil, məktəb, elm, savaddır ancaq,

Vətənin sabahına elm imdaddır ancaq!

Qızlara təhsil verin, elm əhli çoxalsın,

Məscidin mərhəməti qoyun mollaya qalsın,

Kitablara bağlılıq Yaradana sevgidir,

Mütaliyə insanı Allah adamı edir.

Müəllimə, məktəbə sevdamız tükənməsin,

Millət cahil olmasın, cəhalətə enməsin!

Bu dünyada özünü korluğa düçar edən,

O dünyanı özünə əbədi açar edən,

O dünyadan əl çəkib bu dünyaya köklənin,

Qurub yaratmaq eşqli sabahlara yüklənin.

Varsa mərhəmətiniz özünüzə işlədin,

Dilinizdən qopacaq sözünüzə işlədin.

Allahın ehtiyacı yoxdur sizin səcdəyə,

Yaradan izn verib həyat adlı müjdəyə.

***

Göydə niyə gəzirsən? İlahi, gəl düş yerə,

Boşluğa düşüb insan, içində uçrum, dərə!

Gəl, səhmana sal bizi, gör nə günə düşmüşük,

Niyə öz-özümüzə çətinik, müşkül işik?!

Hamı sənin səcdənə canını fəda edir,

Gəl gör bəndə əhlinin içində gəzən nədir?!

Soydular Nəsimini,” haqq mənəm” dedyiçün,

Bu qaraguh düzəlmir, niyə yaratdın, neçin?!

Sənə səcdə edənlər qanlar axıdır yerdə,

Gəl çarə et, İlahi, min bir çarəsiz dərdə!

Allahsız bütpərəstlər bütlərə təzim edir,

Sən qalmısan kənarda bəs bu müsibət nədir?!

Peyğəmbər aşiqləri səni unudub çoxdan,

Gəl çıxart bu dünyanı, Allah, qara-qorxudan!

***

Yeni ilin gəlişi yenə qanla başlayıb,

Yenə kor beyinlərə şeytan fitnə aşlayıb.

Hərə bir dinə bağlı, çoxalıb təriqətlər…

At oynadır dünyada hər gün qara niyyətlər.

İlahi, bilirsən ki, sığındığım tək Sənsən,

Qəlbimə girib çıxan ruhumla birgə Mənsən!

Dağıtdılar bütləri, yeni bütlər yarandı,

Bəndə içində fitnə, bir-birini qırandı.

İlahi bu səcdələr, bu dualar yalandı,

Yer dolubdu silahla, dörd bir tərəf talandı.

Sənə bağlı qəlbimi yerdə tuta bilmirəm,

Niyə gəldim axı mən, bu həyata bilmirəm?!

Apar məni buradan buluduna taxılım.

Gəl başına fırlanım, ayağına yıxılım.

Nəsiminin çəkdiyin sözümə çəkdirirlər,

Görürsən ki, gözümdən qanlı yaş tökdürürlər.

Gəl səhmana sal bizi, kainatlar Yaradan,

Ya pak eylə bizləri, ya da götür aradan!..

***

Qarsız gəldi yeni il, bu ildə qar yağmadı,

Səs-küy salan uşaqlar qar topası yığmadı.

Şaxta baba düzəldib qaş-gözdə qoyulmadı,

Bu ildə qışın üzü qış təki duyulmadı…

11.01.2020

 

 

Şərh üçün bağlıdır.