Gəl apar qəlblərdən qəmi, kədəri,
Açılsın ürəklər, Yel çərşənbəsi.
Taleyin könlün al, sevdir qədəri,
Sevinsin diləklər, Yel çərşənbəsi.
Boya sevdalara həyatımızı,
Çapaq yerə, göyə eşq atımızı,
Sevindir sevgiylə busatımızı,
Qoy əssin küləklər, Yel çərşənbəsi.
Şumlansın tarlalar, əkilsin buğda,
Qışın soyuqluğun basdıraq oda,
Getsin yurdumuzdan bu il qan-qada,
Yox olsun kələklər, Yel çərşənbəsi.
Yığışaq bir yerə, çataq odunu,
Əldə məşəl təki tutaq odunu,
Buzlaşan qəlblərə qataq odunu,
Zaman gün ələklər, Yel çərşənbəsi.
Yaşıla bürünsün yerlər, yamaclar,
Ağaclar çiçəkdən bəzəsin taclar,
Zirvədən zirvəyə uçsun amaclar,
Söz dilsiz mələklər, Yel çərşənbəsi.
Gəl boy-buxununu öyüm doyunca,
Yel baba, sev məni deyim doyunca,
Əllər çiçək yığsın çöllər boyunca,
Yorulmaz biləklər, Yel çərşənbəsi.
Bahar təbiətdən süd əmən körpə,
Dodağı həsrətdi mehini öpə,
Yellərin nurunu aləmə səpə,
Uça kəpənəklər, Yel çərşənbəsi…
Boya Şadimanın könlünü nura,
Ruhu coşub yenə sözə baş vura,
Yandır ocağını, tut qəlbi qora,
Sözü söz bələklər, Yel çərşənbəsi.
10.03.2020
Şirinxanım Kərimbəyli Şadiman