Neyin çatmır, ey adəm, niyə kinin qurtarmır?!
İlahinin sevgisi niyə içinə varmır?!
Tükənmir didişmələr, içdən kinin püskürür,
Dilində Allah gəzir, qəlbinə şeytan girir!
Bu tökülən qanların ahı səni oyatmır,
Bir ömür həyatın var, niyə ağlına batmır?!
Canlıların içində hamıdan uca oldun,
Yaradanı aradın, haqqına baca oldun!
Bacadan dualar yox, kin-küdurət ucaldı,
Dilin haqqı aradı, qəlbin haqdan bac aldı.
Bütün canlılar qorxur sənin addım səsindən,
Törətdiyin hiylənin hər dəm vəsvəsəsindən.
İlahiyə səcdəyçin tikdin ibadətgahlar,
İbadətin içindən qopartdın min bir ahlar!
Bir-birinin qanını axıtdıqca doymadın,
Yer titrədi qəzəbdən, onda sağ yer qoymadın!
Doldurdun silahlarla dünyanın hər güşəsin,
Yandırdın kainatın həyat dolu sinəsin!
O səni canlıların şahı seçdi, sən isə,
Tikdin Rəbbin yolunda sinaqoq, məscid, kilsə.
Çevirdin sən onları sonra qan çanağına,
Düşdün Rəbb sevdasına, tuş oldun qınağına.
Coşdu dualarında Haqqa inayətlərin,
Çoxaldı Yer üzündə hər gün cinayətlərin!
O dünyanı vəd etdin, bu dünyada qan tökdün,
Döydü ölüm qapını, bir gün ölümə çökdün.
İlahi verən başı işlətmədin xeyirə,
İçindən vicdan qaçıb, şeytan çıxıb seyirə.
Tamahın boğdu səni, nəfsin harama yetdi,
Acgözlüyün yürüdü, özündən öndə getdi.
Neyin çatmır, ey adəm, niyə haqqa gəlmirsən?!
Könlə qonan nurunun haqq qapısın bilmirsən.
O nur canın özüdür, Yaradanın bəxşişi,
Başına bəla olub şeytanın tamah dişi.
İlahi verən canın möcüzəsin açmadın,
Keçdin iblis cənginə, heç zaman nur saçmadın.
Ey cənnət həvəskarı, tökülən qanı yala,
Fəqət bil ki, heç zaman başından getməz bəla.
Nə qədər ki, vicdanın yatıb, ayılmayacaq,
Belə getsə dünyada varlığın qalmayacaq!..
Neyin çatmır, ey adəm, bir özünə gəlsənə,
İçdə Can adlı nurun çəkisini bilsənə…
04.03.2020
Şirinxanım Kərimbəyli ŞADİMAN