Bu dərdi deməyə dilim gəlməyir,
Götürüb yazmağa əlim gəlməyir.
Qanı torpağında batan Xocalı,
Qanların içində yatan Xocalı.
Bu dünya kar olub ağrına sənin,
Şəhidlər döşənib bağrına sənin.
İlləri tarixə köçürdürük biz,
Ürəyə kədəri içirdirik biz.
Ey yurdun övladı, dəhşətə susdun,
Bəsdir qanun pozan vəhşətə susdun!
Xocalı harayın bağır dünyaya,
Allahı göylərdən çağır dünyaya!
Silsin caniləri bu yer üzündən,
Qalmasın cahana qanlı izindən.
Hayların vəhşəti səngiyən deyil,
İçdə xəyanəti təngiyən deyil.
Düşmənin kimliyi bəlli, susuruq,
Qəzəblə bir-birin kindən asırıq.
Yağı torpaqlardan çəkilən deyil,
Şərin beli heç vaxt bükülən deyil.
Bəs kimi gözləyib dururq bu gün,
Yalançı xəyallar qururuq bu gün.
Qisasın zamanı yetişməyibmi?
Ürəyi yumşaqlıq ötüşməyibmi?!
Nə zaman bitəcək işğalın sonu?!
Vətəndə hər bir kəs gözləyir onu!!!
Nəsillər dəyişir, yara közlənir,
Düşmən elə düşmən, bəs nə gözlənir?!
Qarabağ işğalda, qız-gəlin əsir,
Susub dayanmışıq, nə möhlət, nə sir?
Yağı danışıqla çəkilib getməz,
Bu elə bəladı sülh ilə ötməz.
Üstən götürməsək məğlub adını,
Vətən xoşbəxt görməz öz övladını.
Yeni işğallara düçar olarıq,
Yadların əlində naçar olarıq.
Xocalının qanın almalıyıq biz,
Bahadır adıyla qalmalıyıq biz.
Sonu olacaqmı bu atəşkəsin?
Ordu kəsməlidir, düşmən nəfəsin!
İşğalla barışmaq, şərə qol qoyur,
Yeni işğallara açıq yol qoyur!
Gəlin qorxaqlığı içdə ovlayaq,
Yağını yurdlardan, haydı, qovlayaq!
Milli danışanım, Milli Məclisim,
Yetişirmi sənə harayım, səsim!
Ehey, Milli Ordum, qap silahını,
Düşmənin içində qopar ahını.
Ali Baş Komandan, əmri bəyan et,
Savaşın gününü durma əyan et!
Xocalı, Malıbəyli, Quşçu ağlayır,
Şuşanın harayı sinə dağlayır.
Sönmüş ocaqların ahından qopaq,
Nə olar qoy biz də rahatlıq tapaq.
Bu dərdi deməyə dilim gəlməyir,
Götürüb yazmağa əlim gəlməyir.
24.02.2019
Şirinxanım Kərimbəyli ŞADİMAN