Doğum günün münasibəti ilə adını rəhmətlə anırıq,
Ey Millətin fədaisi…
Məmməd Əmin Rəsulzadəyə
Mötəbər bir yerə düşdü güzarım,
Döydüm təmkin ilə açdım qapını.
Zirvə qartalıtək artdı vüqarım,
Titrətdi şəkilin könül sapımı.
Divardan diritək baxırsan mənə,
Düşündüm nə yaxşı on səkkiz olub…
Salsa da xainlər könlünü çənə,
O gündən bü günə dönməz iz olub.
Yaşatdın millətin azadlığını,
Dəhşətli illərdə iyirmi üç ay,
Düşündün Vətənin abadlığını,
Birsəslə məmləkət verdi hürrə hay.
Divarda şəkilin, sanki diridi,
Haqqın təmizliyi qonub üzünə.
Adın sinələrdə qeyrət yeridi,
Ölməzlik sarayı yapdın özünə.
Sən varsan mədəni xalqıq demək biz,
Əbədi tarixə həkk etdin onu.
Çökdürdün önündə köləliyi diz,
Tikdin Vətənmizə istiqlal donu.
Millətlər içində varmış haqqımız,
Demək, təbiətən qul olmamışıq.
Bugünki günlərə yarmış haqqımız,
Biz ki, xırdalanan pul olmamışıq.
İyirminci illər və otuz yeddi,
Südün üzündəki qaymaq yığıldı.
Necə ziyalılar o zaman getdi…
Millətin düşünən beyni dağıldı.
Sonuncu Qarabağ savaşı vaxtı,
Qeyrətli oğullar şəhid oldular.
Bu dərdlər ağlayan ürəyi yıxdı,
Analar ah ilə saçın yoldular!
Şəkildən diritək durub baxırsan,
Qürurun işıqdı millətə, Öndər,
Zirvələr fövqünə varıb baxırsan,
Düşsən də sağ ikən zillətə, Öndər.
O vaxt qaymağımız yeyildi, hayıf,
Südün altındakı su maya tutmaz.
Ürəklər zədəli, beyinlər mayıf,
Nə qədər atsan da, daş – qaya tutmaz.
İndi ziyamızın nuru azalıb,
Özünə ziyalı deyir hər yetən.
Haqq bostanımızda uru azalıb,
Sənsən məmləkətin könlündə bitən.
Azərbaycan adlı ey dürr aşiqi,
Vətənin yolunda ömrü əritdin.
Şanlı cümhüriyyət, ey hürr aşiqi,
Zəncirli qollardan dəmri əritdin.
Qürürla şəklinə baxıb coşuram,
Nə yaxşı sən varsan, bayrağımız var.
Səni düşündükcə cilalaşıram,
Dünyada adınla sorağımız var.
Millətin istiqlal zəfərin çaldın,
O qanlı-qadalı, o şər illərdə,
Pak müstəqilliyi tarixə saldın,
Məmməd Əmin adı qaldı dillərdə!…
17.04.2003
Şirinxanım Kərimbəyli Şadiman