Вы просматриваете: Главная > Şeirlər > ZÜLM OLDU NƏRMİNƏ  

ZÜLM OLDU NƏRMİNƏ  

 

Tovuz rayon Quşçu kənd sakini,

2010-cu il təvəllüdlü

Quliyeva Nərmin Şərif qızının

dəhşətli qətlinə ağım

 

Ömür adlı həyat yükün çəkənlər,

İtkin düşən qıza qəlbin sökənlər,

Bu vəhşətə göz yaşını tökənlər,

Yer titrədən zülm oldu Nərminə,

Nə dəhşətli ölüm oldu Nərminə?!

 

Ay şərəfsiz, baxan gözün çıxaydı,

El içində bəbəyin kor baxaydı,

Ürəyini dərd yandırıb yaxaydı,

Qəlblər dilim-dilim oldu, Nərminə,

Nə dəhşətli ölüm oldu Nərminə?!

 

Öldürdüyün, yandırdığın, qızcağaz,

Büllur təki sındırdığın, qızcağaz,

İnsansanmı, necə udur su boğaz?!

Gözdən qəlbə selim oldu Nərminə,

Nə dəhşətli ölüm oldu Nərminə?!

 

Bu məktəbli evin körpə qızıydı,

Tər ömrünün təzə açan yazıydı,

Anasının laylasının nazıydı,

Ürək bölüm-bölüm oldu Nərminə,

Nə dəhşətli ölüm oldu Nərminə?!

 

Cani, qorxaq, çıx millətin üzünə,

Qatilliyin çəkdirəcək özünə,

Vuracaqsan bundan sonra dizinə!

Həyat ilim-ilim oldu Nərminə,

Nə dəhşətli ölüm oldu Nərminə?!

 

Necə qıydın bu körpəcə mələyə?

Rəzilliyin yük deyilmi ürəyə?!

İp keçilsin boğazından dirəyə,

Qara torpaq kilim oldu Nərminə,

Nə dəhşətli ölüm oldu Nərminə?!

 

Çantasında kitabları ağlayır,

Yaşıdları sinələrin dağlayır,

Oxuduğu məktəb qara bağlayır,

Beşcə sinif bilm oldu Nərminə,

Nə dəhşətli ölüm oldu Nərminə?!

 

Bu qatilin ömürlükdü cəzası,

Parça-parça olmalı hər əzası,

Tutsun onu İlahinin qəzası!

Könlüm sınıq telim oldu Nərminə,

Nə dəhşətli ölüm oldu Nərminə?!

 

Necə qıydın bu körpəcə balaya?!

Yer titrəyir, göy hönkürür olaya,

Nəşin düşə, qanını it yalaya,

Təbim ağlar elim oldu Nərminə,

Nə dəhşətli ölüm oldu Nərminə?!

 

Ey körpəni şikar edən manyaklar,

Tutulub heç yeriməsin ayaqlar,

Söz hönkürər, üsyan edər varaqlar…

Dərdi yazar əlim oldu Nərminə,

Nə dəhşətli ölüm oldu Nərminə?!

 

Ey Şadiman, bu vəhşəti yaz indi,

Ölsün cani, özün məzar qaz indi,

Dünya çökür, vicdanlılar az indi,

Sözü ağlar dilim oldu, Nərminə,

Nə dəhşətli ölüm oldu Nərminə?!

09.01.2020

Şirinxanım Kərimbəyli ŞADİMAN

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Şərh üçün bağlıdır.