Bu il də köçüb gedir,
Qarabağ yağı əldə.
Düşmən bildiyin edir,
Cəh-cəh vururuq dildə!
Sözdə biz birinciyik,
Heç bir xalq bizə çatmaz.
Yatmağa sevincliyik,
Kimsə bizi oyatmaz.
Torpaqlar işğal altda,
Dil boğaza qoymuruq.
Bəxtimiz bata-batda,
Talamaqdan doymuruq.
İşğalçının dostuna,
Dostumuzdur deyirik,
Durub yurdun qəsdinə-
Boy-buxunun öyürük…
Bizdən olmaz dünyada,
Başımıza bəlayıq.
Mürgüləyib röyada,
Zirvə udan qalayıq.
Nə edək biz də belə,
İşğala əyilirik.
Veririk ömrü yelə,
Təslimçi deyilirik.
Yığılıb dərd ürəyə,
Ölüm gəlmir öləsən.
Düşüb Vətən kələyə,
Necə deyib güləsən?!
Bürüyüb şoular bizi
Şouyuq başdan ayağa.
Tikiblər dilimizi,
Dözmək olmur bu dağa!
Bu ildə gəlib keçir,
Qarabağ işğaldadı…
Ömrümüzü gün biçir,
Düşmənlər vüsaldadı.
Şəhidə hədyan deyən,
Artmadadı ölkədə.
Belələrini öyən-
Şou oluruq bəlkə də…
Ey Şadiman, qəlb nalan,
Gördüyümü yazıram.
Sözümdə varsa yalan,
Ölməyə də hazıram…
Şirinxanım Kərimbəyli ŞADİMAN