Вы просматриваете: Главная > Şeirlər > QUL OLMAQ DÜNYADA ƏN AĞIR CƏZA

QUL OLMAQ DÜNYADA ƏN AĞIR CƏZA

Qul olmaq dünyada ən ağır cəza,
Başından ötüşməz heç zaman qəza.
Unutmaz ağanı çıxsa da canı,
Dolaşar bağırında qul həyəcanı.
Hər qul ağasına endirər başın,
Artırar içində daim təlaşın.
Üzündən, gözündən çaşqınlıq yağar,
Qorxu hissi onu dəmbədəm boğar.
Beyninə həkk olar ağanın əmri,
Qorxudan çıxarda bilməz səs-səmri.
Qəlbində saraylar tikər hakimə,
Əzilmək, kiçilmək yarlıq məhkuma.
Ağanın dilinə qoşar dilini,
Onun ətəyindən çəkməz əlini.
Kökünü, soyunu silər yaddaşdan,
Kimliyin itirər, o, əzəl başdan.
Heç ağanın hökmü başından getməz,
Bir addım sağ-sola ağasız yetməz.
Qul olmaq ram edər tez ağlı-huşu,
Qəfəsə eşq edən bir tutuquşu.
Qul olmaq yarlığı yaxasına gül,
Bağa eşqə gələr vəfalı bülbül.
Ağanı mədh edər gecəbəgündüz,
Untanmaz, çəkinməz, qızarmaz heç üz.
Ağa qarşısında ölər, dirilər,
Anasız quzutək önündə mələr,
Ağa da hərdən bir qulu təriflər,
Kimliyin alçaldar, soyun həriflər.
Tərifi artıqca qulun şellənər,
Sahibi önündə batıb lillənər.
Ağa bağladıqca qulun dilini,
Qul da sürükləyər dərdə elini.
Mukafat eyləyər yurd-yuvasını,
Cəhd edər enməyə dil duvasını.
Quldan uzaq düşər mənlik, ləyaqət,
Ona bayraq olar yalnız həqarət!
Eşq ilə mədh edər əsirliyini,
Alçadar, endirər öz mənliyini.
Başına tac olar ağanın soyu,
Batar onu əkib doğanın soyu!
Quyusu qazılar qul ömrün dərin,
Səcdəyə qaldırar şərə əllərin.
Endirər önündə oğul-uşağın,
Ağaya səcdə də görər xoş çağın.
Ağa sevindirər təltiflə qulu,
Ona kimliyi yox, əyilmək yolu.
O da qul ömrünə şükürlər edər,
Sanar alçalmağı getməyib hədər.
Çıxarmaz başından qorxu hissini,
Ağlına gətirməz umu-küsünü.
Edər ağasına dua minnəti,
Önündə alçalmaq həyat zinəti.
Qulun müşkül olur başçı olmağı,
İnsantək dünyada xoş sayılmağı.
Cahanda var olan qula dönməsin,
Alçalıb, enməklə heç öyünməsin.
Ondan ağır bəla yoxdu dünyada,
Qul oldun yetişməz kimsə fəryada.
İstər ölkə olsun, istərsə insan,
Qul olan ağaya edilir ehsan!
Heç zaman bu addan qopa bilməyir,
Kimliyin, varlığın tapa bilməyir.
Tutsa da üstünü bərə-bəzəyə,
Vücudu oxşayar quru təzəyə.
Dünya qarşısında enib alçalar,
Yalnız enməyinə ağa əl çalar.
Bu minvalla keçər ömrü, həyatı,
Sanar bu onunçın Tanrı büsatı.
Tapar alçalmaqla xoşbəxtliyini,
Zatən dərk eləməz bədbəxtliyini.
Soyuna pay edər bədbəxtliyindən,
Çox vaxt vəcdə gələr təlxəkliyindən!
Qul olmaq heç kəsə qismət olmasın,
Tarixə bu adla soyun salmasın!
Heç zaman qulların olmur vəfası,
Fəqət yurd-yuvaya çoxdur cəfası.
Dərdə ürcah edər məmləkətini,
Vətənə geydirər fəlakətini.
Çünki ağa yazır qula həyatı,
Onun əmrindədir günü, saatı.
Qulun əyilməkdən aynımaz başı,
Heç yurdun olmasın qul vətəndaşı!..
***
Zənn etmin qul olub orta əsrdə,
Naləsi boğulub min bir qəsirdə!
Hər dövürün qulu olub olcaq,
Mənliyin qoruyan hakim qalacaq…
Həyatda belədir hər zaman qayda,
Qulun yeri-yurdu yoxdur dünyada!!!…

24.11.2019