Bəlkə elə yarın mənəm ,
Mənə yar demək istədin.
Ürəyində ürəyimə
sevgin var demək istədin.
İşıq dolu gözlərini
Gözlərimə tuşlamısan.
Ruhuma eşqin varlığın
Hansı yolla aşlamısan?!
Həsrətin də gözəl mənə
Onu qəlbimə çəkirəm.
Hər neyin var özəl mənə,
Çiçəktək könlə əkirəm.
Dodağının şərqisiyəm,
Deməsən də mən bilirəm.
Mənsiz keçən hər gün sənə,
Həm duman, həm çən bilirəm.
Boylan uzaqdan könlümə,
Gör orada nələrin var.
Qoynuma sığalın çəkən
Doğma, isti əllərin var…
Şadimanı sev beləcə
Qəlbimdə yatırım səni.
Dəryalartək ləpə verən
Eşqimə batırım səni…
22.06.2019