Вы просматриваете: Главная > Şeirlər > AY FORMULA

AY FORMULA

 

Görürəm ki, vurulmusan Bakıya,

Aşiq olub sarılmısan Bakıya.

Oynu-moynu sırımısan Bakıya,

Çək kefini doyunca, ay Formula,

Xod gedirsən yamanca ay Formula.

 

İşğal altda torpağımız inləyir,

Başdan düşən papağımız inləyir,

Ağacımız, yarpağımız inləyir,

Bu dərdləri sayınca, ay Formula,

Xod gedirsən yamanca,  ay Formula.

 

Qaqaşları yığıdın yenə başına,

Bax ölkəmin əsir o dam-daşına,

İnsaf elə, ağlını yığ başına,

Sayma bizi qoyunca, ay Formula,

Xod gedirsən yamanca, ay Formula.

 

Sən gələndə yollarımız bağlanır,

Çox ciblər də daş-baş ilə yağlanır,

Zənn eləmə acgözlər ağıllanır-

Cibimizi soyunca, ay Formula,

Xod gedirsən yamanca ay Formula.

 

Elə bildim hirs vurar kəllənə,

Lal dillərə qahmar çıxıb dillənə,

Maşınların Qarabağa yellənə-

Sən paytaxta qonunca, ay Formula,

Xod gedirsən yamanca ay Formula.

 

Biz işğalla sovruluruq  illərdi,

İçimizdə qovruluruq illərdi,

Yalanlara vuruluruq illərdi,

Nolar qəmi anınca, ay Formula,

Xod gedirsən yamanca ay Formula.

 

Müğənnilər dolu ikən burada,

Özününkünə yer etmisən harda?

Bizlərə də naz satırsan arada,

Can qəzəbdən yanınca ay Formula,

Xod gedirsən yamanca ay Formula.

 

Kökləmişəm bu məktubu ünvana,

Haray eşə, dərd çatlaya, ün yana,

Fəryadımı çatır azad dünyana,

Adam kimi sanınca ay Formula,

Xod gedirsən yamanca ay Formula.

 

Şadimanı etmə qınaq meydanı,

Azərbaycan deyil sınaq meydanı,

Doğulmadıq qul eləyək bu canı,

Söz deyilər qanınca ay Formula,

Xod gedirsən yamanca ay Formula.

28.04.2019