Вы просматриваете: Главная > Şeirlər > DÖRDLÜKLƏR

DÖRDLÜKLƏR

Sən ki, ruhumuza bağlısan, Vətən,
Dolaşıq kəndirlə bağlısan, Vətən.
Susub dinməyirsən işğal halına,
Bəlkə eşidələr ağlasan, Vətən…
              ***

Gecə ayı görüb küncə çəkilir,
Sübhün gəlməsiylə bağrı sökülür.
Hamı yuxusuna şəkər qatsa da,
Zülmətin gözündən yuxu tökülür…
***

Nə etdin çıxacaq bir gün qarşına,
Asılır sırğatək günlər yaşına.
Düzlükdən yapışıb düzə səcdə et,
Bulama ömrünü öz göz yaşına…
***

Adam bir ömürü yaşayıb gedir,
Adamlıq adını daşıyıb gedir.
Vay o gündən ki, insanlığını
Haqqın lövhəsindən qaşıyıb gedir…

***

Gəlib gedənlərin qəsiri dünya,
İnsan əməlinin əsiri dünya.
Adam sirlərilə dolu qəfəsin,
Açıb ağartmırsan çox siri dünya…
29.03.2019