Вы просматриваете: Главная > Şeirlər > GÖZLƏMƏ

GÖZLƏMƏ

Naqisdən  doğruluq, namərddən  düzlük,

Özünü  sevəndən  peyman  gözləmə.

İkiüzlü  adamdan  saflıq, təmizlik,

Yolundan  azandan  iman  gözləmə.

 

Çox  mənəm  deyənlər  özündən  dedi,

Min-min  günahsızın  başını  yedi,

Özgə  əməyilə  zərxara  geydi –

Əyri  əməllərə  zaman  gözləmə.

 

Kişilər  az  gəlib  qoca  dünyaya,

Qanmazlar  qananı  verib  fənaya,

Çox  dil  pəhləvanı  yetərək  «haya»,

Başına  ələyər  duman  gözləmə.

 

Özündən  razılar  tutub  dünyanı,

Bir  qara  qəpiyə  satıb  dünyanı,

Alovun  köksünə  atıb  dünyanı,

Vicdanı  yoxsuldan  aman  gözləmə.

 

Düzlükdən  danışdı  çox  kələkbazlar,

Ağıl  da  öyrətdi  ağlı  dayazlar,

Suyun  çirkabına  baş  vurar  qazlar,

Düzəm, deyəndən  qaç, yaman  gözləmə.

 

Çox  əyri  əllərdə  söndü  min  ocaq,

Çox  tale,  çox  ürək  oldu  oyuncaq,

Dost  əli  sinənə  saplasa  bıçaq…

Döz  ağrı-acına, dərman  gözləmə.

 

Şadiman, boşalıb  dolma  buludtək,

Bəmdə  haray  çəkmə  yanıqlı  udtək,

Ömrün  tufanına  döz  bir  palıdtək…

Yaxşıya  baş  endir, fərman  gözləmə!

 

Şirinxanım Kərimbəyli ŞADİMAN