Вы просматриваете: Главная > Şeirlər > YALAN NƏ SÖYLƏYİM

YALAN NƏ SÖYLƏYİM

Yalan nə söyləyim mən qışı sevirəm,
Göyün gözlərindən axan yaşı sevirəm…
Qışın sükutu ürəyimə həzin layla çalır,
Ruhumu xəyallar alır,
Qışa sevgim qəlbimdə gizli qalır,
Utanıram bu sevgini faş etməkdən,
Çünki imkansız ailələrin ağrıları düşür ürəyimə,
Zəhər qatır çörəyimə…
***
Qış – kasıbların yanaqlarında
donan göz yaşı,
Ümidləri canlarının sirdaşı.
Daim adamlardan qaçar gözləri,
Başları əyilər sinələrinə…
Ocaqlarına od əvəzinə,
ələnər qəlblərində şölənən közləri…
Qış – ailələrinə para axtaran
kişilərin üz qarası…
Ürəklərində sızlar imkansızlıq yarası…
Pul ödəməyəndə qazları, işıqları, suları kəsilər,
Sanki həyat onları varlıqdan silər…
Künc-bucaqdan ocaqların
isitmək üçün çör-çöp arayarlar.
İçlərində arzuları qarıyarlar.
Atalar övlad üzünə baxmaqdan çəkinərlər,
Adam arasına çıxmaqdan çəkinərlər.
Qış – evsiz-eşiksizlərin ürəyinə sancı,
Qanunlar yazanların üz qarası, utancı…
Qışın soyuğundan əsənlər,
Bahara tələsənlər,
Bu qışı yola salaq deyərlər,
Yazın sorağın alaq deyərlər…
Qışdan çıxmağın fərəhin yaşarlar
novruz qapıları döyəndə,
Səmənilər göyərəndə ləyəndə,
Yamyaşıl baharın ətri gələr evlərdən,
Ümidlər adamlara qoşulub gülər evlərdən…
Qış evsiz-eşiksizlərin sitəmi,
Parasız ciblərin matəmi…
Bunları göz önünə alanda qışı sevmirəm,
Nə də ona gəlmə demirəm…
Çünki desəm də gələcək…
Dilimdən qopan duam odur ki,
Qoy xoş olsun hamıya GƏLƏCƏK…
 
23.02.2019

Şərh üçün bağlıdır.