Вы просматриваете: Главная > Şeirlər > İLAHİ, MƏNƏ BİR YOL AÇ

İLAHİ, MƏNƏ BİR YOL AÇ

İlahi, mənə bir yol aç,

Ürək odun üstündə sac…

Alım ağrıyan başımı

çıxım gedim bu dünyadan.

Atım qaçım göz yaşımı,

Qurtulum daha röyadan.

Qəmli gözlərin tənəsi,

Yalanların ənənəsi,

Ruhumu talan eyləyir,

Könlümə kədər bələyir.

İçimdə hicran mələyir…

 

İlahi, mənə bir yol aç,

Canım deyil kimsəyə bac.

Dincliyimi tapım bir dəm,

Onu şərdən qapım bir dəm…

Məni də bir ana doğdu,

Bəsdir qəlbə həsrət yağdı,

Çəkdiklərim uca dağdı,

Qalxıb düşə bilməyirəm,

Bu dünyanın gərdişinə

İnsanının səhv işinə,

Mən öyrəşə bilməyirəm…

Heç dəyişə bilməyirəm…

 

İlahi, mənə bir yol aç,

Tək səndədir qəlbə əlac.

Talan olmuş ürəyimi

qapım gəlim ayağına!

Doğulandan bu günədək

çox düşmüşəm sorağına.

Bilirəm ki, ruhumdasan,

Fərəhimdə, ahımdasan.

Buludunun göz yaşına

Damla-damla bələ məni,

Götür yerdən səmalara,

Kainata ələ məni.

 

İlahi, mənə bir yol aç,

İstəmirəm başıma tac,

Götür yerdən apar məni,

Xətalardan qopar məni.

Hər bir şeyin düzü səndə,

Adamının gözü səndə!

Bilirəm ki, canımdasan,

Hər dəqiqə yanımdasan…

Gözlərimin içindəsən,

Hər gün niyə, neçindəsən?!

Mən ki, sənə sadiq bəndə,

Salıb könlü kədər bəndə.
Sığmır ürək misra, bəndə,

Düşüb ruhuma qaçaqaç,

İlahi mənə bir yol aç…

İlahi, mən bir yol aç…

05.02.2019

 

 

Şərh üçün bağlıdır.