Ağlamaq eşqinə düşmüşəm yenə,
Axıdım gözümdən yaşı sel kimi.
Çıxıb əzablarım canımdan önə,
Əsir qəfil qopan dəli yel kimi.
Qaçmaq istəyirəm yerlərdən göyə,
Buraxım tənimi qoy yerin olsun.
Ruhum haray salıb bu səsə-küyə,
Deyir məzar qazı lap dərin olsun!
Bu bədən neyinə lazımdır deyir,
Yapışıb qalmısan qopa bilmirsən.
Doğulduğun gündən şər yolu əyir,
Özünü dünyada tapa bilmirsən.
Gəl yığışıb gedək ömürdən daha,
İçinin işığın zülmət udmasın.
Məni şərik etmə qəm doğan aha,
Sənin ürəyini alıb dadmasın.
Mən sənin eşqinəm bədən yiyəsi,
Bu eşq kainatın işıq selidir.
Ruhun sözü bitib mənə deyəsi,
Başımdakı ağıl yaşam dilidir.
Ruhun fəryadını eşidib bir dəm,
Bədəni tərk edib çıxıb gedirəm.
Nə edir eləsin yerlərdə adəm,
Çırpınma, ey canım, sənə qədirəm.
Məni dinlər ilə qorxudanların,
İçində Allahın xofun görmədim.
Qulağa mövhumat oxudanların,
Yalana tuşlanmış oxun görmədim.
Gəl, ey məni məndən alıb aparan,
Mənimdən içəri bir mənim də var.
İçdə üsyan edib tufan qoparan,
Canımdan yuxarı dinənim də var.
Şadiman dünyada doğulan gündən
Vicdan ağrısına nicat aradı.
Bəlkə də boylanır ruhu köksündən,
Onun göz yaşından ürək yaradı.
17.01.2019