Вы просматриваете: Главная > Şeirlər > YENİ İL DUASI

YENİ İL DUASI

Əziz Həmvətənlər, Həmrəylik günümüz və Yeni ilimiz mübarək olsun!

 

YENİ İL DUASI

 

Ey canın işığı, ey Yaradanım,

Vaxtın təkərini fırladır anım.

Saniyələr ömrü çəkib aparır,

İçimə min ağrı töküb aparır.

Sənə ünvanlanıb dildə sözümüz,

Sənin şimşəyini alır közümüz.

Yenə köhnə ili yola salırıq,

Yenə intizara möhtac qalırıq.

Nə olar sındırma ümidimizi,

İşğal sınağıyla öldürmə bizi.

Sənin əlindədir düşmənə sitəm,

Sal onun evinə bir qanlı matəm.

Bizi xar edənlər batıb yox olsun,

Vətəni sevənlər artıb çox olsun!

Özün çətinə sal talançıları,

Ölkəyə zülüm edən yalançıları!…

Milləti aclıqla sınağa çəkmə,

Sərvəti nankorun başına tökmə.

Bir tikə çörəyə möhtac olanlar,

Ağrıya, acıya əlac olanlar,

Sabaha ümidi səndə arayır,

Keçir ələyindən iblisi ayır.

Bizi də bəxtiyar xalqlardan elə,

Sənə ümidimiz dönməsin yelə.

Qarabağ adında ağrı-acımız,

Neylək sənə qalıb tək əlacımız!

Düşmənin ağlını qəfildən çaşdır,

İçində ağrını sellərtək daşdır.

Özünə qarışsın başı daima,

Axsın gözlərindən yaşı daima.

Yağıya əyilən qoy batsın yerə,

Udsun bədənini ən dərin dərə.

Qapıb qılıncını hayqırsın Ərlər,

Dillərin əzbəri olsun hünərlər…

Heç boyun əyməsin işğala Ölkəm,

Kəs xainnin ömrün, eylə bəxti kəm!

Ulat içimizdə o yatmış Qurdu,

QƏLƏBƏ xəbərin gətirsin ORDU!

 

25.12.2018