Вы просматриваете: Главная > Məqalələr > MƏNƏVİYYATSIZLIĞIN ACI NƏTİCƏLƏRİ

MƏNƏVİYYATSIZLIĞIN ACI NƏTİCƏLƏRİ

Bizim  gəncliyimiz  o  illərə  düşdü, o  qanlı-qadalı,  ağrılı  illərə… keçən əsrin 1990-cı illərini deyirəm. Bir çox insanlarımız  ailə  qura  bilmədi, müharibə  səngərlərində  canını  fəda  etdi, Vətəni  qorumaq  uğrunda  ona  ən ümidə  hüququ  olan şirin  canından  keçdi… Biz  bu  müharibəni  başlamadıq, bizə müharibə  elan  etmədən  insanlarımızı  el-obalarından  didərgin  saldılar,  ev-eşikləri, şəhər və qəsəbələri  viran  qoydular, işğal etdilər.. Biz  işğala  məruz  qalan  ölkəyik, minlərlə  soydaşımız  əsir  götürülüb, öldürülüb, yerindən, yurdundan didərgin  düşüb. Hesiyyatımız  tapdalanıb, şərəfimizə  toxunulub, ürəyimiz yaralanıb. Yüzlərlə insanlarımızın  qələbə  həsrəti, öz  yurd-yuvalarına  qayıtmaq  arzusu  ürəyində  qalıb, vaxtsız  bu  dünyanı  tərk  ediblər.

Ən  inkişaf  etmiş  ölkələrdə  belə  öz  torpağının  bir ovucunu  bir  kimsəyə  verməyən  millətlər  boy  atıb öz  siyasəti  ilə,  demokratiyası  ilə, amma,  o  ölkələr  vətənin  bir  qarışını  heç  kimə  verməzlər. Bu  gün  Avropa  eşqi  ilə  yanıb  yaxılan  gənclik  yetişib, deyirlər  orda  haqq-ədalət  var,  orda şəxsiyyətə, fərdə dəyər  var, orda  demokratiya  var. Bəs  demokratiya  ilə  nəfəs  alan  Qərb  niyə  işğalçını  və  onun arxasında  dayanan  ikibaşlı  cəlladları  öz  yerində  oturtmur?! Deməli  demokratiya, insan  haqları,  ancaq onların  öz  ölkə  daxili  vətəndaşlarına  köklənib.  Neçə  ildi  sülh  adı  altında  gəlib  gedirlər…heç nə  edə bilmirlər…Ya  da  sərf  etmir  onlara…Bu  da  bizim  alışıb  yandığımız  qərb  demokratiyasının  iç  üzü…Öz dinindən  olan  erməni  cəlladlarını  və  onların  əlaltılarını  dəstəkləyirlər.

Bizim  ölkə müharibə  şəraitində  olan  ölkəyə  oxşamır,  Azərbaycan  televiziya  kanallarında  şou proqramları  adı  altında  mənəviyyatsızlıq,  insanların  aşağılanması, mənəvi  dəyərlərmizin  çökməsi  baş alıb  gedir. Problemli  ailə  faciələrinin  televizya  kanallarında  kök  salması, insanları  yüngül  və  məsuliyyətsiz  həyata  səsləyən  tele- serialların  at  oynatması  artıq  öz  işini  görməyə  başlayıb. Çox saylı  boşanmalar  ölkəni  bürüyüb. Televiziyalarda  vətənpərvərlik  mövzuları  yox  dərəcəsindədir. Sanki bilərəkdən  və ya bilməyərəkdən  insanların  içində  mənəvi  boşluq  yaradırlar. Gəncləri  milli-mənəvi dəyərlərdən  uzaqlaşdırırlar.  Azərbaycan  televiziya  kanallarında  yarıçılpaq  qadınların  abrını, həyasını itirmiş  kişilərin reklamı  gedir. Onlar  nə  müğənni  kimi  müğənni, bəstəkar , nə  bilim nədirlər, kimdirlər…bir  onu  bilirəm  ki, insanları,  xüsusən  gəncliyi  yüngül  həyata  səsləyən  ünsürlərdir.

Bütün  bu  baş  verənlər  yetişən  gəncliyin  içində  aşınmalara  gətirib  çıxartdı.  İndi  bu  gənc  insanların arasında  elələri  peyda   olub  ki, hardan  gəlib  hara  getdiyini, kimliyini  belə unudub, vətən  hissi,  yurd təəssübü  yox  olub…Müharibə  qanunlarından  başı  çıxarmayan   biri  özünü  gumbultu  ilə  gündəmə salmaq  üçün  Vətən  bərabərində  şəhidimizin  ünvanına  nalayiq sözlər işlədir, Şəhidlər xiyabanında “Əbədi məşəl” abidəsində akrobatik hərəkətlər edən gənc peyda olur. Hər bir müharibənin sonu barışıqla bitir, baxır necə barışıqdı? Bu barışıq torpaqlarımızın  işğalçıya  güzəşt  edilməsi ilə, və yaxud işğalçını öz yerini göstərməklə bitəcək. Biz işğal edən tərəf deyilik, biz işğala məruz qalanıq. Belə olan halda təslimçilik hisləri gənc insanların içində hardan qaynaqlanır…? Kimdir günahkar? Günahı gəlin kənarda axtarmayaq, insanın kimliyi və  insan kimi yetişməsi doğulduğu ailədən və düşdüyü mühitdən aslıdır. Biz hər birimiz  kimliyimizdən asılı olmayaraq  var olduğumuz ailənin  kobud  şəkildə desək məhsuluyuq… Ailə nəyi cəmiyyətə təqdim edibsə biz oyuq…Əgər bu dünyada  var olmaq  istəyiriksə,  gəlin  kimliyimizi  unutmayaq…unutqanlıq manqurtluğa aparır, manqurt sözünün mənası isə şüursuz kölə deməkdir…Biz hansısa millətlərin ayağı altında  tapdalanmaq istəmiriksə, onda Vətənmizi, dilimizi, dövlətçiliyimizi, özgürliyimizi, bayrağımızı, himnimizi  göz  bəbəyimiz kimi qorumalıyıq. Uşaqlara, gənclərə vətənpərvərlik mövzuları aşılamalıyıq…Ölkənin vətənsevər  ziyalı  kəsimini  önə  çıxartmaq, onlara  televiziya  kanallarında  şərait  yaratmaq, milli-mədəni dəyərlərimizi önə  çəkmək lazımdır…Bu vətən bizimdir, işğal olunmuş torpaqları heç bir dövlət alıb bizə verməyəcək, İşğalçını öz yerində oturtmaq üçün, insanlarımızın yaşam səviyyəsini  qaldırmaq, gəncliyə  həyatını qurmaq  üçün qapı  açmaq lazım…Ümidsiz , bir qarın  çörəyə həsrət  qalan  adamda  vətənə sevgi  yox,  nifrət  hissi yaranır, narazı  insanları dinləmək  onlara  adi  yaşam  imkanları  yaratmaq  lazımdır…Xoş  həyat  eşqiylə  qərb ölkələrinə getmək  arzusu  ilə  hər  cür  rəzalətə  əl atan  və  ondan  çəkinməyən  insanlar var…Bütün  bunlar  baş  verməmək  üçün  vətəndaşların  həyat şəraitin  yüksəltmək  vacibdir…zibil  qutularından  yemək  axtaran  adamların  faciəsinə biganə qalmaq  olmaz…Bu ölkədə kimlərsə milyonların üstündə oturub kef edir, kimlərsə  bir qarın  çörəyə həsrətdi…

Bizim ən ümidə poblemimiz işğal altında qalan torpaqlarımızın azad  olunması məsələsidir…Bu ağrıdan qurtulmaq üçün,  yetişən  gəncliyi  bu yola  yönəltmək  üçün  onlara dəstək  olmaq, vətənə  ali  vətəndaş  yetişdirmək  lazım…Hansısa  gəncin  törətdiyi  xəta istər  dil, istər  əl xətası olsun, təkcə  həmin  gəncin  yox, onu  yetişdirən  cəmiyyətin  günahıdır. Gəlin  günahlarımızı  yumağa  çalışaq…  hələ ki, gec  deyil…

18.12.2018

Şirinxanım Kərimbəyli ŞADİMAN

 

 

 

 

Şərh üçün bağlıdır.