Вы просматриваете: Главная > Şeirlər > KÖNÜL SƏNDƏN QAÇA BİLMƏZ

KÖNÜL SƏNDƏN QAÇA BİLMƏZ

Sən ey könlü fəğan edən, könül səndən qaça bilməz,
Sən olmasan həyatımda qanad açıb uça bilməz.
Bilirsənmi nə çəkirəm məndən bir az gen gəzəndə?
Qəlbim alışır tənimdə ayrılıq canı üzəndə.
Sən kimsənsə elə osan, ruhuma doğma birisən,
Nə yaxşı ki mənimləsən, mən sağ ikən sən dirisən.
Səsin gəlsin səhərlərdən, ya hirsli, mülayim ol,
Zülmətlərə düşsəm əgər, başım üstə nur Ayım ol.
Günəş yoxsa qon göylərə, ordan ruhuma şəfəq saç!
Bağlı qapım açılmasa, qıfıl salıb sən özün aç!
Tənhalığın acıları çoxların yeksan eləyib,
Sevmək, eşqə dəyər vermək, adamı insan eləyib.
Al səhərin bağçasına qon bülbültək səsin gəlsin,
Ruhum pərvaz etsin sənə, asimana can yüksəlsin.
Bilirsənmi sənin üçün könlüm necə tir-tir əsir?!
Sən xəsthal olan zaman ümidsizlik ruhu kəsir.
Gəl ey ruha şəfəq saçan, sənsiz yoxdu mənə həyat,
Bəzən yatan arzu-kamı nəfəsinlə özün oyat!
Evimizin işığını azaltmağa tələsmə gəl,
Xəstəliyin boyun ölçmə, onun üçün heç əsmə gəl.
Bir ömürdü işığının pəvanəsi mən özüməm,
Kürləyəndə Araz olub lal biçimdə bir dözüməm.
Gözüm səhəri açanda səsin mənə dayaq olsun,
Ruhunu sarsın şəfqətlər, hər biçimdə oyaq olsun!
Şadimanın həyatına gələn gündən ömrüm coşqun,
Qurban olum, qoyma məni bu dünyada tənha,çaşqın!

11.12.2018
Şirinxanım Kərimbəyli ŞADİMAN

Şərh üçün bağlıdır.