Yenə də göylərdən boylanır bulud,
Tökür gözlərindən yaşı sel təki.
Səma sızıltısı bir yanıqlı ud,
Gəzir qulaqlarda həzin yel təki.
Səhər ağ dumanı tutub üzünə,
Yağışın əlindən özün qoruyur.
Payızın xəzanın çatıb özünə,
Yarpaq töküldükcə ağaclar uyur.
Sükut yarışına girib küçələr,
Yayın hay-harayı evlərə hopub.
Damda yer axtaran yazıq sərçələr,
Hardasa özünə bir yuva tapıb…
Arabir qarğalar qışqırtı salır,
Sükutu pozmağa həvəskar kimi.
Xəzri də hikkəli hayqırtı salır,
Səsi batıb çıxan nəğməkar kimi.
Yayılır harayı novalçaların,
Göylərin dəryasın yerə axıdır.
Sədasın gətirib bu yağış qarın…
Yarpaqsız ağacdan çomaq toxudur.
Saralmış yarpaqlar xışıltı salıb,
Hərə öz budağın tapmaq istəyir.
Mənim də könlümü niskillər alıb,
Göylərin əngində çapmaq istəyir.
Ümidin kölgəsi gəzir aləmdə,
Sirli kainatdan yerə nur yağır.
Həyat işartısı parlar hər dəmdə,
Köksümə sığmayır yenə də bağır…
22.11.2018