Bu dünyanın bir qərib yolçusuyam görürsən,
Göy üzü buludlayıb sənsə qəlbi gərirsən,
Bağrıma yerin, göyün niskilini sərirsən,
Üzür canın evini illərdi min bir baxış.
Mərhəmət et ruhuma, könlümə yağma yağış…
İsladırsan qəlbimin künc-bucağın nə vaxtdı,
Kor qoyub söndürürsən qəlb ocağın nə vaxtdı,
Görməyirsən gurşadda əl-qol atan bu baxtı,
İçimdə sellər coşur, canımı boğma yağış…
Mərhəmət et ruhuma, könlümə yağma yağış…
Mən ki, tale atıyla çapıram sola-sağa,
Ruhumun astanası mohtacdır xoş sorağa,
Yağışın qaydasıdır çölə, çəmənə yağa,
Gəl ülfətli ol bir az, ol mənə doğma yağış,
Mərhəmət et ruhuma, könlümə yağma yağış…
Payız gözün açandan sən hönkürtü salmısan,
Dəryaları doldurub ürəyimi almısan,
Canıma ələdiyin gurşadında qalmısan,
Qəlbim sakitlik tapıb, yenidən doğma yağış,
Mərhəmət et ruhuma, könlümə yağma yağış…
08.11.2018