Вы просматриваете: Главная > Şeirlər > QAP-BACADAN BOYLANIR…

QAP-BACADAN BOYLANIR…

 

 

Yenə gəlib qap-bacadan boylanır,

Üz-gözündən qəm tökülür payızın.

Buludları göy üçündə oylanır,

Gözlərindən nəm tökülür payızın.

 

Qaranquşlar köç eyləyib gedirlər,

Boş yuvalar eyvanlardan asılıb.

Bu yerləri qəribtək tərk edirlər,

Lələkləri yuvalara qısılıb.

 

Şimşəkləri pələnglərtək öcəşir,

Ağızından qığılcımlar tökülür.

Asimana düşüb yenə bir həşir,

Göy hayqırır, yerin bağrı sökülür.

 

Yay ayının atəşini söndürür,

Gurşadları sel-sulara can deyir.

Göydən yerə çeşmələri endirir,

Şimşək coşub buludlara qan deyir.

 

Uşaqlıqdan saf sevgim var payıza,

Sarı donu al günəşdən qoparıb.

Gəlin kimi batıb qalıb lap naza,

Yenə məni can evinə aparıb.

 

Dəftər qələm haray salıb qarşımda,

Deyir mənə dur payızı nəzmə çək.

Buludunun bulağı göz yaşımda,

Tərpən, ürək, sən də məni sözmə çək!…

 

Şadimana sərinliyi təpərdi,

Cırhacırın atəşini sonlayıb.

İzn versəm, üz-gözümü öpərdi,

Payız onu sevdiyimi anlayıb…

24.09.2018