Şirin Xanım Kərimbəyli Şadiman
EY SƏADƏT QUŞU,
HARDA QALMISAN ?
Ey səadət quşu, harda qalmısan?
Bəs mənim başıma niyə qonmadın?
Hansı bəxtəvərin könlün almısan?
Gəlib əhvalıma bir dəm yanmadın.
Çalıb qanadları ötdün yanımdan,
Çırpındım dəlitək həyəcanımdan,
Çıxmır məhəbbətin, çıxmır canımdan,
Nədən varlığımı heç cür anmadın?
Mən sənin hüsnünün aşiqi ikən,
Tərk edib getmisən könlümü erkən,
Sən ki, saray yapan, sən ki, ev tikən,
Bəs mənim qapımda heç dayanmadın.
Ey səadət quşu, könlüm havalı,
Dəyir hər gün ona şərin zavalı,
Təbim elə çalır dəfi, qavalı,
Onun sədasına bir oyanmadın.
Mən körpə uşaqkən sən qanad açdın,
Neçə yol başımın üstündən uçdun,
Mən hara getdimsə, sən ora qaçdın.
İndi o günləri niyə sanmadın?
Gözlərim göylərin ənginliyində,
Səni arayıram zənginliyində,
Ömrümün, günümün gərginliyində,
Mənim atəşimə bir boyanmadın.
Səni səsləməkdən dildən olmuşam,
Sənə əl etməkdən əldən olmuşam,
Ömürdən olmuşam, ildən olmuşam,
Bu qədər möhnətdən heç usanmadın.
Ey səadət quşu, Şadiman xəstə,
Yüklənib ağrılar ürəyi üstə,
Mənim taleyimlə gəl durma qəsdə,
Heç kəsin varlığın axı danmadın…?