Вы просматриваете: Главная > Şeirlər > TUMSATAN OĞLAN

TUMSATAN OĞLAN

 
Beş yaşlı bir oğlan uşağı, Allah,
Minir elektrik qatarına tək,
Tumla dolu torba əldə hər sabah,
Kədərli üz-gözü, çirkli əl, ətək.
Tum var deyə-deyə gəzir salonu,
Hüzünlü baxışlar izləyir onu.
 
Beş yaşlı oğlanın uşaqlığına-
Zaman da bayağı, Haqq da bayağı,
Girib körpəlikdən qəm qılığına,
Köhnə çəkmələrdən yara ayağı…
 
Gah yayın istisi, gah qış sazağı,
O kiçik ürəkdə yoxsulluq dağı.
O baxır həsrətlə həmyaşlarına,
Gözündən dikəlir həsəd dalğası.
 
İçində boğulan göz yaşlarına,
Tutub bapbalaca sinəsi yası.
Qisməti yoxsulluq, aclıq səhnəsi,
Çox evdə indi boş çörək təhnəsi..!
 
Beş yaşlı uşağın torbası köhnə,
Qatar şütüdükcə körpə tələsir.
Ürəyi olanı üzür bu səhnə,
Zəif vücudlar da salon tək əsir…
 
Kimdədir, ay bala, söylə bu günah?
Atanda, ananda, yoxsa dünyada?
Səni də doydurur yəqin ki, Allah,
Noğulla, nabatla yalnız röyada.
 
02.05.1997

Şərh üçün bağlıdır.