Вы просматриваете: Главная > Şeirlər > GƏLİR SORAĞIN

GƏLİR SORAĞIN

 

Xarıbülbül, Qarabağın
qalıb yağı, şər əlində.
Qusar eldə var sorağın,
Şəbnəm ağlar hər telində.

Sən Vətənin o başından
bu başına niyə gəldin?
Hayların qan savaşından,
Şuşa nalan- deyə gəldin!

Xarıbülbül, düşməndənmi
sən də düşdün qaçaqaça?
Fəryad doğub sinəndənmi
Yaradandan imdad quca?!

Bənövşəyi üzündədir,
Avazlanan yürd həsrəti,
Əsir Cıdır düzündədir,
Yağıların həqarəti!-

nə vaxt bitər bilməyirik,
Nə sən, nə biz, xarıbülbül.
Bir məxrəcə gəlməyirik,
Demək olmur göz yaşın sil!

Gəl ağlama düşmən gülər,
Şehlərini qurt üzdən.
Ah-ufundan can sökülər,
Bir səda yox Cıdır düzdən.

Xarıbülbül, gözəlliyin
Parlaq ulduz aləm bəzər.
Fəqət fərqli özəlliyin,
Qarabağla adın gəzər.

Xarıbülbül, dik tut başı,
Yurd yağıya heç vaxt qalmaz.
Sel olmasın qoy göz yaşı,
Dəyərindən düşməz almaz.

Harda bitsən Vətən gülü,
Harayısan Qarabağın.
Gəl oyatma sən bülbülü,
Köz eyləyər sinə dağın!

Xarıbülbül, bu Şadiman
Səni gördü bağrı yandı.
Kaş Şuşana ola dərman,
Dildə bitib Vətən andı!!!

24.05.2018
Şirinxanım Kərimbəyli Şadiman