Вы просматриваете: Главная > Şeirlər > BOYLANIM XƏZƏRƏ SARI

BOYLANIM XƏZƏRƏ SARI

 

Deyirsən boylanım Xəzərə sarı,
Boylanıb baxıram, görmürəm səni.
Həsrət könlə doğur min bir ah-zarı,
Beləmi bəxtəvər edirsən məni?!

Mənim ruhum çaşqın dəlilər kimi,
Hönkürür sükuta bürünən qəlbə…
Yadından çıxmışam ölülər kimi,
Nə deyim arxanca sürünən qəlbə….?!

Səhərim gecəmə qəhqəhə çəkir,
Sükuta bürünmüş saniyələr ağlar.
Məni sənə tərəf bilməm nə çəkir,
Əgər bu eşqdirsə neçin qəlb dağlar?!

Xəzər şahə qalxır, xəzri göynəyir,
O da həsrətimə ağlayır sanki.
Soruşsan ürəyim sənsiz neyləyir?
Ruhuma qar yağır göydən inanki…

Buzların içində donub qalmışam,
Yazın qoxusu var, könlüm üşüyür.
Canım zülmətimə alışdırır şam,
Kirpiklər gözümdən acı yaş üyür.

Deyirsən boylanım baxım Xəzərə,
Dalğalar sözünü gətirsin mənə.
Bəlkə dönüm selə axım Xəzərə,
Üşüyən tənimi yetirsin sənə.

Şadiman qəlbiylə qanlı davada,
Eşqini canımdan qoparmaq istər.
Uzanı əllərim qalıb havada,
Ruhumu Tanrıya aparmaq istər…

09.03.2018

Şərh üçün bağlıdır.