Вы просматриваете: Главная > Şeirlər > EY KARVAN YOLUNDAN SORAQ, DƏVƏÇİ 

EY KARVAN YOLUNDAN SORAQ, DƏVƏÇİ 

 1982-ci  ildə  Dəvəçi  bölgəsinin

Aygünlü  kəndi  yaxınlığında  traktorla

şumlama  işi  aparılakən  Azərbaycanın 

mərkəzi  şəhərlərindən  biri  Şabran 

aşkar  edildi.

 

Ey  karvan  yolundan  soraq, Dəvəçi,

Dərbəndlə  Şirvanın  könlünün  içi,

Tarixdən  boylanan  qərinə  nəçi?

Unutsun  torpağın, daşın  Şabranın,

Görməsin  gözünün  yaşın  Şabranın.

 

Ey  salnamələrdə  qalan, şəhərim,

Qəsbkar  əliylə  talan, şəhərim

Yandırar  sinəmi  yaxar  qəhərim,

Dağılmış  qalası, yurdu  Şabranın,

Yağılar  boynunu  vurdu  Şabranın.

 

Xaraba  yurdunda  ilanlar  mələr,

İnsan  sümükləri  haraya  gələr,

Tanrıdan  can  alar, can  verib  ölər,

İnsanı  torpaqda  yatan  Şabranın,

Adı, cəh-cəlalı  batan  Şabranın.

 

Savaşlar  şahidi, ey  Şabran  çayı,

Əsrlər  görmüsən  ömürlər  sayı,

Selmi, qəsbkarmı  törətdi  vayı?

İtdi bu  dünyadan  izi  Şabranın,

Qaldı  tarixlərdə  özü  Şabranın.

 

Keçən  əsrlərin  fəryadı  orda,

Yolçu, ayaq  saxla,  baş  əy  bu  yurda!

Bu  batan  şəhərin  ruhları  burda –

Dolaşar  başının  üstə  Şabranın,

Sirrini  daşlardan  istə  Şabranın.

 

Orta  əsrlərin, ey  baş  sarvanı,

Çox  keçdimi  yurddan  dəvə  karvanı?

Dəvəçi, nişan  ver  şəhər  Şirvanı,

Necə  nişan  verdi  adı  Şabranın?

Ruhlarla  alışan  odu  Şabranın.

 

O  küp  qəbrlərdə  tapılanları,

O  daşa, divara  yapılanları,

Ocağı, yuvası  çapılanları,

Dərin  qatlarında  ara  Şabranın,

Kim  çevirdi  taxtın  gora  Şabranın?!..

 

Xəqanitək  həbsə  atılmışları,

Şabran  zindanına  qatılmışları…

Zülmkar  şahlara  satılmışları…

Ağlar  ruhlarından  soruş  Şabranın,

Burada  hər  addım, qarış  Şabranın.

 

Dəvəçi-oğuzun  bir  ipək  yolu,

Beşbarmaq, Qalaltı  imzası, qolu,

Şadiman, bu  torpaq  tarixlə  dolu,
Viran  dam-daşından  oxu  Şabranın,

Hələ  torpaq  altda  çoxu  Şabranın…

 

 

Şirinxanım Kərimbəyli ŞADİMAN