Вы просматриваете: Главная > Şeirlər > DÜNYA MƏNƏ TANIŞ GƏLİR

DÜNYA MƏNƏ TANIŞ GƏLİR

 

Qəmi boldu, sevinci az,

Hər payıza bir qış gəlir.

Hər taledə bir dəfə yaz,

Dünya mənə tanış gəlir.

 

Çiçəyinin arısı bol,

Küpəgirən qarısı bol,

Hər ömürün yarısı yol…

Dünya mənə tanış gəlir.

 

Cığırının izi ləkə,

Yerində min bir mərəkə,

Ceyranını qovur təkə,

Dünya mənə tanış gəlir.

 

Buludların dolan vaxtı,

Külək saçın yolan vaxtı,

Bənövşəsi solan vaxtı,

Dünya mənə tanış gəlir.

 

Yollarını keçəndə də,

Çeşməsindən içəndə də,

Əzrayıl can biçəndə də,

Dünya mənə tanış gəlir.

 

Fələk alın yazanda da,

Əl məzarı qazanda da,

Yuxularım azanda da,

Dünya mənə tanış gəlir.

 

Son, əvvəlin hey təkrarı,

Əvvəl – axır təkdə yarı,

Rəbb ovcunda bəşər darı…

Dünya mənə tanış gəlir.

 

Can cismin içində sirr,

Bu cismi sirr də kəsir,

Hər öləni yerə həsir,

Dünya mənə tanış gəlir.

 

Ey Şadiman, adamıyla,

Dərdlə dolu hər damıyla,

Həm fərağı, həm kamıyla,

Dünya mənə tanış gəlir.

Dünya mənə tanış gəlir.

 

10.12.1997

         Şirinxanım Kərimbəyli Şadiman