Вы просматриваете: Главная > Şeirlər > ƏLİ-QOLU BAĞLILARIN

ƏLİ-QOLU BAĞLILARIN

 

Əli, qolu bağlıların,

Qolların güc aça gərək.

Haqq parlada ağılların,

Sözləri od saça gərək.

 

Gün getməyə boş-boşuna,

Bürünməyə göz yaşına,

Ömür düşsə sərt qışına,

Qışdan yaza qaça gərək.

 

Əyilmə heç çətinliyə,

Əyildinsə can inləyə,

Qəlb zəkanı çox dinləyə,

Qanad açıb uça gərək.

 

Hər möhnətin xoş günü var,

Hər kələfin düyünü var,

Hər canlının beyini var,

İnsan ağlı uca gərək.

 

Doğum-ölüm bir möhlətdi,

Can bədənə əmanətdi,

Ömür bizə zəmanətdi,

Can ruhunu quca gərək.

 

Bu Şadiman təb təşnəsi,

Girib qəlbə çox rişəsi,

Gah acısı, gah nəş‘əsi,

Layiq edək taca gərək.

 

Şirinxanım Kərimbəyli ŞADİMAN