Вы просматриваете: Главная > Şeirlər > MƏNİ BU TELELƏ TƏK BURAXMAYIN

MƏNİ BU TELELƏ TƏK BURAXMAYIN

 

Dərmasız dərdimə çara demədim,
Mənim deməyimə siz heç baxmayın.
Yaram qan axıtdı yara demədim,
Məni bu talelə tək buraxmayın.

Siz ey varlığımdan xəbər tutanlar,
Dəli harayıma gəlib çatanlar,
İstəklə könlümdə birgə yatanlar,
Məni bu talelə tək buraxmayın.

Ürək ağrısı, o can sovqatı,
Heç zaman düzəlməz daha ovqatı,
Əzabdan əzaba bükülür qatı
Məni bu talelə tək buraxmayın.

İynə ucu boyda işığı yoxdu,
Onun qəlbim kimi aşığı yoxdu,
Zəhəri udmağa qaşığı yoxdu,
Məni bu talelə tək buraxmayın.

Mən can deyəniyəm, o can alanı,
Nə doğrusu varmış, nə də yalanı,
Bircə ümid imiş olub-qalanı…
Məni bu talelə tək buraxmayın.

Şadiman hicrandan boylanıb baxır,
O nə kürədir ki, yandırıb yaxır,
Yenə göylərində ulduzu axır,
Məni bu talelə tək buraxmayın,
Məni bu talelə tək buraxmayın.