Вы просматриваете: Главная > Şeirlər >

 

HIYLƏ DÖVRAN EDİR

 

Hiylə dövran edər hər an qanında

Namərdin imanı, dini olmayır.

Dünyada heç zaman Allah yanında

Bəxti qara olur, günü olmayır.

 

Məkirlə dünyanın başın tovlasa,

Bütün yer üzündən haqqı qovlasa,

Fəndiylə, feliylə düzü ovlasa

Heç səsi, sədası, ünü olmayır.

 

Çəkər imanını Rəbb, hesabına,

Elə zəhər qatar tale qabına,

Nə qədər baş vursa din kitabına

Allahın evinə yönü olmayır.

 

Bağrından qurtulub çıxanda ruhu,

Haqqın dərgahına yetişməz ahı,

Necə yumaq olar candan günahı?

Canın ki, bədəntək gönü olmayır.

 

Ömür İlahinin əlində sınaq,

Gərək ruhumuzu etməyək qınaq,

Biz bu həqiqəti bir yolluq qanaq

Günahın uzunu, eni olmayır!

 

Haqqın nəzərində hey sağın, solun,

İndi bu dünyada haqq sənin qulun,

Allah dərgahına gedən o yolun…

Canı qutarmaqçın önü olmayır!…